Qaynar xətt:

(+99450) 247 90 86

"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

\"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də  Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır\"

SİYASƏT

24

02.10.2026, 21:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Siyasi təşkilatların taleyi bəzən qəbul olunmuş proqramlardan, yazılmış nizamnamələrdən əvvəl, cəmiyyətin daxilində yaranan bir ehtiyacın səssiz təzyiqi ilə həll olunur. Ölkə döngəyə girəndə, dövlət ayaq üstə durmaq üçün sütun axtaranda insanlar baxışlarını bir ünvana çevirir. Bu seçim sifarişlə, əvvəlcədən cızılmış layihə ilə olmur. Xalq onu öz yaddaşından və təcrübəsindən süzüb çıxarır.1992-ci ilin payızı Azərbaycan üçün məhz belə bir seçim payızı idi. Müstəqillik təzəcə qazanılmışdı, amma onu qorumaq, ona məzmun vermək hələ qarşıda dururdu. Ölkə cəbhədə də, daxildə də ağır sınaqlardan keçirdi, hakimiyyət boşluğu dövlətin özünü sual altına qoyurdu. Elə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. 16 oktyabrda yazılan müraciətə 24 oktyabrda cavab gəldi, 21 noyabrda isə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yarandı, proqram və nizamnamə qəbul olundu, Heydər Əliyev yekdilliklə sədr seçildi. Bu ardıcıllığa diqqətlə baxanda aydın olur ki, söhbət sadəcə bir partiyanın təsis edilməsindən getmir. Cəmiyyətin etimadı institusional formaya düşürdü.

Çox keçmədi ki, tarix bu etimadı sınağa çəkdi. Partiyanın yarandığı gündən cəmi altı ay sonra Heydər Əliyev xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdı. Dünya siyasi təcrübəsində belə nümunə az tapılar: bu qədər qısa müddətdə iqtidara gələn bir siyasi qüvvə. Amma əsas məsələ sürət deyildi, əsas məsələ o dövrdə Azərbaycanın nə ilə üz-üzə olması idi. Vətəndaş qarşıdurması, parçalanma təhlükəsi, çökən dövlət institutları, itirilən torpaqlar. Ulu Öndər dövləti bu uçurumun kənarından geri qaytardı.

Atəşkəs əldə olundu, ölkədə sabitlik bərqərar edildi, dövlətçilik institutları bərpa edildi, Konstitusiya qəbul olundu, “Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi gələcəyinin təməli qoyuldu. Bunların hamısı bir siyasi xəttin hissələri idi: müstəqilliyi qorumaq, milli maraqları hər şeydən üstün tutmaq, güclü dövlət qurmaq.Lakin siyasi irsin əsl sınağı onu yaradanın yanında deyil, onsuz başlayır.

Şəxsiyyət gedə bilər, xətt isə qalmalıdır. 2003-cü ildə Heydər Əliyev dünyasını dəyişəndə Azərbaycan cəmiyyəti məhz bu sualın qarşısında dayanmışdı. Cavab İlham Əliyevin simasında verildi.

O, atasından yalnız siyasi vəzifəni deyil, dövlətçilik məsuliyyətini və ideyalar sistemini qəbul etdi, həmin sistemi dəyişən dünyanın tələblərinə uyğunlaşdıraraq davam etdirdi.

Bu illərdə Azərbaycan iqtisadi cəhətdən güclənən, enerji xəritəsində söz sahibi olan, regionda təşəbbüs irəli sürən ölkəyə çevrildi. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı enerji təhlükəsizliyi baxımından Avropa üçün etibarlı tərəfdaşa çevirdi.

Daxildə infrastruktur yeniləndi, regionlar inkişaf etdi, sosial paketlər həyata keçirildi, ordu quruculuğuna ardıcıl diqqət göstərildi. Bu siyasətin ən mühüm xüsusiyyəti isə sakit, səbirli və hesablanmış xarakter daşıması idi. Ölkə ordusunu və iqtisadiyyatını elə hazırlayırdı ki, gələcəkdə tarixi ədalətin bərpası mümkün olsun. O gün 2020-ci ilin 27 sentyabrında gəldi.

Otuz ilə yaxın davam edən işğalın, danışıqlar masasında nəticəsiz keçən illərin, beynəlxalq hüququn kağız üzərində qalan qərarlarının ardınca Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 gün sürən bu müharibə təkcə cəbhədə deyil, hər evdə, hər ürəkdə gedirdi.

Ordu döyüşürdü, xalq isə arxada birləşmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, strateji iradəsi və xalqla ordunun vəhdəti şərəfli Zəfərlə nəticələndi. Şuşanın azad olunması, rayonlarımıza Azərbaycan bayrağının qayıtması bir xalqın otuz illik həsrətinin sonu idi. Həmin günlərdə Azərbaycan həm də sübut etdi ki, siyasi iradə, xalq birliyi və güclü ordu birləşəndə ədalət bərpa oluna bilər.

Amma bu yolun bir mərhələsi hələ tamamlanmamışdı. 2020-ci ildən sonra da Qarabağın bəzi ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğu, onların təxribatları suverenliyin tam bərpasına mane olurdu. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri bu məsələni də həll etdi. Cəmi 23 saat çəkən əməliyyat nəticəsində Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi.

Bu, həm hərbi qələbə, həm də siyasi qətiyyətin göstəricisi idi. Beləliklə, otuz ildən çox davam edən münaqişə sona çatdı və Azərbaycan ilk dəfə olaraq bütün ərazisinə tam nəzarət edən ölkə kimi yeni dövrə qədəm qoydu.Yeni Azərbaycan Partiyasının VIII qurultayı məhz bu tarixi mərhələnin fonunda keçirildi.

Partiya ilk dəfədir ki, bütün torpaqları azad olunmuş, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda qurultay keçirir. Bu fakt qurultaya ayrıca məna verir: bu, yalnız keçilən yolun yekunlarını deyil, qarşıdakı dövrün prioritetlərini də müəyyənləşdirən toplantıdır. Çünki qələbə finiş xətti deyil, yeni start xəttidir. Böyük uğurun ən təhlükəli sınağı sonrakı arxayınlıqdır. Ətrafda müharibələrin getdiyi, münaqişələrin alovlandığı bir dünyada təhlükəsizlik anlayışı artıq yalnız ordunun gücü ilə ölçülmür. İdeoloji məkan, informasiya mühiti, xarici təsirlərə qarşı siyasi müstəqillik, hətta siyasi kommunikasiyanın şablondan çıxıb canlı və təsirli dil tapması da bu anlayışın tərkib hissəsinə çevrilib.

Prezident, YAP Sədri İlham Əliyevin qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: ana xətt dəyişməz qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və Azərbaycanın öz imkanlarına arxalanması. Bu, 1992-ci ildə Naxçıvanda başlayan yolu bu günə bağlayan məntiqdir. Heydər Əliyevin qoyduğu təməl, İlham Əliyevin həyata keçirdiyi siyasət və xalqın birliyi bir-birini tamamlayaraq Azərbaycanı bu günkü mərhələyə gətirib çıxarıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov fikirlərini Oxu24.com saytı ilə bölüşüb.

Millət vəkili Müşfiq Cəfərov bildirib ki, 1992-ci ilin noyabrında Naxçıvanda təməli qoyulan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində sadəcə siyasi təşkilat deyil, Azərbaycanın müstəqillik, inkişaf və ərazi bütövlüyü uğrunda mübarizəsinin əsas hərəkətverici qüvvəsinə çevrildi.

1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin Azərbaycan dövlətinin daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır.

Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.

Müşfiq Cəfərovun sözlərinə görə, Hazırda Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də  Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır.

Partiyanın tarixində dönüş nöqtəsi 2020-ci ildə, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. YAP-ın ideoloji xəttinin və dövlətçilik siyasətinin ən böyük təsdiqi olan belə  Qələbələr seriyası  Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini  tam bərpa etdi.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Bu qurultay, eyni zamanda, partiyanın ötən dövrdə keçdiyi tarixi-siyasi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və qarşıdakı mərhələdə qarşıya qoyulan vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Millət vəkili əlavə edib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da dövlətçilik ideyalarının, milli həmrəyliyin və Azərbaycanın davamlı inkişafının təmin olunmasında fəal rol oynayacaq.

VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər ölkəmizin yeni tarixi mərhələdə qarşısında duran vəzifələrin daha sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək. Bu baxımdan qurultay həm YAP-ın keçdiyi yolun qiymətləndirilməsi, həm də gələcəyə baxışın ifadəsi kimi mühüm siyasi əhəmiyyət daşıyır.

Turan Etibaroğlu