Qaynar xətt:

(+99450) 247 90 86

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – dəyişməyən siyasi xəttin 34 illik yolu 

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – dəyişməyən siyasi xəttin 34 illik yolu 

SİYASƏT

31

02.10.2026, 14:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tarix bəzən böyük hadisələri möhtəşəm saraylarda deyil, sadə və soyuq məkanlarda yazır. Əlbəttə, tarixi müəyyən edən təkcə məkan deyil, zamanın çağırışını düzgün oxuyan siyasi iradə, ideya və inamdır.

1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının soyuq divarları belə bir tarixi hadisəyə şahidlik etdi. Azərbaycanın ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında daha bir tarixi xidmətini göstərdi.

Aradan 34 il keçib.

Bu gün həmin siyasi təşkilatın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı çıxışında bildirib ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır:

“İllər keçdikcə taktiki və hətta strateji məqsədlər müəyyən dərəcədə dəyişə bilər, amma ana xətt dəyişməzdir: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə”.

Bu fikirlər əslində 1992-ci ildən bu günə uzanan siyasi yolun əsas mahiyyətini ifadə edir.

O vaxt Azərbaycanın qarşısında müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin təmin olunması kimi fundamental vəzifələr dayanırdı. Bu gün isə öz dövlət suverenliyini tam bərpa etmiş, qarşısında yeni inkişaf və quruculuq mərhələsinin vəzifələri dayanır.

1992-ci ildə müxalif siyasi qüvvə kimi yaranan YAP artıq 30 ildən çoxdur ölkənin hakim siyasi qüvvəsidir. Prezident İlham Əliyev VIII Qurultayda YAP-ın Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu bildirib, ölkənin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük payı və töhfəsinin olduğunu vurğulayıb.

Bu siyasi yolun ən mühüm nəticələrindən biri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır.

2020-ci il Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında yeni tarixi mərhələ açıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insan yaşayır, işləyir və təhsil alır. Prezident VIII Qurultayda bildirdi ki, bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Böyük Qayıdış davam edir.

Deməli, bir vaxtlar torpaqların azad olunması uğrunda mübarizə aparılan ərazilərdə bu gün həyat yenidən qurulur.

Müdriklər deyirlər ki, “İdeyalar bütün dünyada toplardan da bərk guruldayır, fikirlər ordulardan da qüdrətlidir, prinsiplər süvari qoşunlardan daha çox qələbə çalır”. 34 il əvvəl soyuq bir Naxçıvan zalında ifadə olunan siyasi iradənin bu gün tamam başqa tarixi reallıqda müzakirə olunması ideyaların və siyasi xəttin zaman qarşısındakı davamlılığını da göstərir.

Müstəqillik yalnız dövlət sərhədlərinin qorunması deyil. O, həm də iqtisadi, hərbi və ideoloji müstəqillik deməkdir.

Prezident İlham Əliyevin qurultaydakı çıxışında ideoloji məkanın yad təsirlərdən qorunması və xarici siyasətin milli maraqlar əsasında qurulması ilə bağlı fikirləri də bu kontekstdə diqqət çəkir.

Heydər Əliyevin siyasi irsinin İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun davam etdirilməsi məsələsi də məhz burada aktuallaşır. Çünki zaman dəyişir, qarşıya çıxan vəzifələr yenilənir, lakin dövlətçilik üçün fundamental prinsiplər öz əhəmiyyətini qoruyur.

1992-ci ilin Naxçıvanından 2026-cı ilin Bakısına uzanan 34 illik yol bir siyasi təşkilatın tarixindən daha böyük məna ifadə edir. Bu, müstəqil Azərbaycanın keçdiyi mürəkkəb yolun mühüm siyasi səhifələrindən biridir.

Həmin illərdə Azərbaycanın siyasi taleyinin ən ağır məqamlarından birində Naxçıvandan səslənən “Azərbaycan sizin sözünüzü gözləyir” müraciəti əslində bütöv bir xalqın gözləntisini ifadə edirdi. Azərbaycan Heydər Əliyevin sözünü, siyasi iradəsini, dövlətçilik təcrübəsini gözləyirdi. Çünki o zaman ölkənin qarşısında duran böhranlardan çıxış yolu, ilk növbədə, güclü dövlətçilik və siyasi iradə tələb edirdi.

Bu gün isə tarix başqa bir mənzərəni göstərir. Dünən Heydər Əliyevin yolunu və sözünü gözləyən Azərbaycan bu gün İlham Əliyevin rəhbərliyi ilə müəyyən etdiyi strateji xətt üzrə inkişaf edir, qurur, yenilənir və suverenliyini möhkəmləndirir.

Beləliklə, 1992-ci ildəki “Azərbaycan sizin sözünüzü gözləyir” çağırışından 2026-cı ilin suveren Azərbaycanına qədər uzanan yol təkcə zaman məsafəsi deyil, həm də tarixi dəyişikliklərin ifadəsidir.

O vaxt soyuq bir teatr zalında gələcəyə inamla qurulan siyasi təşkilat bu gün suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni dövrünün çağırışlarını müzakirə edir.

Zaman dəyişir. Şərait dəyişir. Vəzifələr dəyişir. Ancaq dövlətçilik xətti davam edir.

Sahil TAHİRLİ