Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycan Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır” –POLİTOLOQ  

“Azərbaycan Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır” –POLİTOLOQ  

SİYASƏT

105

17.09.2026, 18:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya siyasətinin beynəlxalq hüquq normaları ilə deyil, məhz güc faktoru ilə tənzimləndiyi müasir dövrdə qlobal miqyasda ciddi proseslər baş verməkdədir. BMT və digər beynəlxalq təşkilatlar mövcud xaos və münaqişələrin qarşısını almaqda, sülhü bərqərar etməkdə çətinlik çəkirlər. Belə bir həssas dönəmdə hər bir xalqın özünü qorumaq üçün güclənməsi və hərbi-siyasi müstəvidə bir araya gəlməsi zərurətə çevrilib. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində formalaşan Turan ittifaqı dünyanın yeni güc mərkəzi kimi çıxış etmək potensialına malikdir. Bu prosesdə Azərbaycan və Türkiyənin lokomotiv rolu, eləcə də ölkələrimiz arasındakı strateji müttəfiqlik münasibətləri həlledici əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış politoloq Azad Məsiyev Türk dünyasının inteqrasiya perspektivləri, qlobal çağırışlar və qarşıda duran strateji hədəflər barədə geniş təhlillər aparıb.

Politoloq qeyd edib ki, müasir dünya siyasəti beynəlxalq hüquqla deyil, güc faktoru ilə idarə olunur:

”Güclüsənsə, haqlısan və səni qəbul edirlər, öz təhlükəsizliyini təmin edə bilərsən. BMT və digər beynəlxalq təşkilatlar dünyanın idarə olunmasında, sülhün bərqərar edilməsində və beynəlxalq hüququn qüvvədə olmasında aciz qalıblar.

Qərb və Avropa sivilizasiyasının apardığı avantürist, ədalətsiz və hegemon siyasət dünyada xaosun yaranmasına səbəb olub.

Bu səbəbdən hər bir xalq özünü müdafiə etmək üçün güclənməli, Türk Dövlətləri Təşkilatı fonunda isə bir millət, bir ittifaq halına gəlməlidir”.

Turan ittifaqının qlobal miqyasdakı rolunu dəyərləndirən politoloq bildirib ki, bu birlik dünyada yeni güc mərkəzi deməkdir:

“Çindən Qara dənizə, Aralıq dənizinə qədər uzanan coğrafiyanı əhatə edən türk xalqlarının sayı 200 milyondan çox, hətta 300 milyona yaxındır. 5 milyon kvadratkilometr əraziyə və sonsuz sayda yeraltı-yerüstü sərvətlərə malik olan bu xalqlar birləşərsə, geosiyasi proseslərdə söz sahibi olan nəhəng gücə çevriləcəklər.

Birqütblü sistem artıq özünü doğrultmur və dünyada yeni güc mərkəzi kimi Turan ittifaqının formalaşması ədalətin və təhlükəsizliyin qorunmasında xüsusi rol oynayacaq”.

Azərbaycan ilə Türkiyənin bu inteqrasiyada aparıcı güc olduğuna diqqət çəkən Azad Məsiyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi proseslərdə qardaş ölkələr öncül mövqedədirlər:

”İki ölkənin liderlərinin – Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri buna bariz nümunədir.

Xarici İşlər nazirlikləri səviyyəsində görüşlər, mənəvi, iqtisadi və siyasi sahələrdə inteqrasiyanın dərinləşməsi sürətlə davam edir.

Bu yaxınlarda Azərbaycan Prezidentinin rəhbərliyi ilə türk dövlətləri dini liderlərinin konfransının keçirilməsi mənəvi sahədəki inteqrasiyanın əyani sübutudur”.

Politoloqun sözlərinə görə, türk xalqlarının parçalanmaması və xarici qüvvələr tərəfindən istismar edilməməsi üçün birliyimizi gücləndirmək vacibdir. Bu istiqamətdə qarşıda duran əsas vəzifələr bunlardır:

1.Ortaq parlamentin formalaşdırılması.

2.İqtisadi sahədə qarşılıqlı investisiyaların qoyulması.

3.Təhlükəsizlik sahəsində müdafiə sənayesinin inkişaf etdirilməsi.

4.Ortaq pul vahidinin yaradılması kimi mühüm addımların atılması.

Çimnaz Telmanqızı