Qaynar xətt:

(+99450) 247 90 86

Bu qərar Azərbaycan üçün mühüm iqtisadi imkanlar yarada bilər  — Deputatlar DANIŞIR

Bu qərar Azərbaycan üçün mühüm iqtisadi imkanlar yarada bilər  — Deputatlar DANIŞIR

SİYASƏT

141

17.09.2026, 14:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türk dövlətlərini iqtisadi baxımdan yaxınlaşdıracaq yeni mexanizm – Nələr dəyişəcək?

Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və rəqəmsal maliyyə imkanlarının genişləndirilməsi istiqamətində yeni təşəbbüslər gündəmə gəlib. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu türk dövlətləri üçün Ortaq İnkişaf Bankının və inteqrasiya olunmuş ödəniş sisteminin yaradılmasını təklif edib.

Belə bir ödəniş sisteminin yaradılması türk dövlətləri arasında rəqəmsal maliyyə infrastrukturunun inkişafına, ödənişlərin daha sürətli və səmərəli həyata keçirilməsinə, həmçinin milli valyutalarla ticarətin genişləndirilməsinə imkan yarada bilər. Ortaq maliyyə mexanizmləri, rəqəmsal texnologiyalar və inteqrasiya olunmuş ödəniş platformaları isə Türk dövlətləri arasında iqtisadi əlaqələrin yeni texnoloji mərhələyə keçməsinə şərait yarada bilər.

Bəs bu təşəbbüsün reallaşması Azərbaycan üçün hansı imkanlar yarada bilər? Məsələnin Azərbaycan üçün mümkün iqtisadi təsirlərini və təşəbbüsün reallaşma perspektivlərini öyrənmək məqsədilə Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

Oxu24.com-a danışan Mİllət vəkili Azər Badamov bildirib ki, TDT  artıq yalnız siyasi əməkdaşlıq platforması deyil. Onun sözlərinə görə, bu təşkilat türk dövlətləri arasında iqtisadi, humanitar, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır:

“Bizi birləşdirən ortaq tarix və mədəniyyət isə ortaq gələcəyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Ortaq gələcəyin əsas dayaqlarından biri isə, şübhəsiz ki, iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Bu baxımdan türk dövlətləri üçün Ortaq İnkişaf Bankının yaradılması təklifini kifayət qədər perspektivli və strateji təşəbbüs hesab edirəm.

Belə bir bank ilk növbədə TDT ölkələri arasında investisiya layihələrinin maliyyələşdirilməsinə, iqtisadiyyatların inkişafına və ticarət-iqtisadi əlaqələrin daha sabit və sistemli şəkildə genişləndirilməsinə xidmət edə bilər. Ortaq infrastruktur, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və sahibkarlıq layihələrinin maliyyələşdirilməsi türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirə bilər”.

Millət vəkili qeyd edib ki, digər mühüm məsələ inteqrasiya olunmuş ödəniş sisteminin yaradılmasıdır: 

“Belə bir sistemin formalaşdırılması qarşılıqlı ticarətdə milli valyutalardan istifadənin genişlənməsinə, ödənişlərin daha sürətli və səmərəli həyata keçirilməsinə və müəyyən dərəcədə dollar kimi xarici valyutalardan asılılığın azalmasına imkan yarada bilər. Bunun üçün, əlbəttə, milli bank sistemlərinin texniki və hüquqi baxımdan uyğunlaşdırılması, valyuta risklərinin idarə olunması və etibarlı maliyyə mexanizmlərinin yaradılması vacibdir”.

Azər Badamov vurğulayıb ki, Azərbaycanın belə bir təşəbbüsdə iştirakı ölkəmiz üçün də mühüm iqtisadi imkanlar yarada bilər:

“Azərbaycan şirkətləri türk dövlətlərinin bazarlarına daha rahat çıxış əldə edə, yeni investisiya layihələrində iştirak edə və maliyyə resurslarına çıxış imkanlarını genişləndirə bilərlər. Eyni zamanda, ortaq maliyyə mexanizmlərinin yaradılması Azərbaycanın tranzit, logistika, enerji və digər strateji layihələrdə mövqeyini daha da gücləndirə bilər”.

Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, Millət vəkili Azər Allahverənov qeyd edib ki, Türk dövlətləri üçün Ortaq İnkişaf Bankının yaradılması təklifi bir neçə müddətdir gündəmdə saxlanılan və vaxtaşırı müxtəlif ekspert dairələri tərəfindən dəstəklənən fikirdir:

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin başçıları arasında Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirilən strategiyanın əsas xəttlərindən, eyni zamanda əsas sütunlarından biri iqtisadi müstəvidə inteqrasiyaya nail olmaqdır. İqtisadi inteqrasiya isə ortaq layihələrin həyata keçirilməsi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatının inkişafı üçün yeni imkanların formalaşdırılması vasitəsilə reallaşdırıla bilər.

Bu baxımdan, məhz bu mövqedən çıxış edərək Ortaq İnkişaf Bankının yaradılması təklifini çox müsbət dəyərləndirirəm. Ümumiyyətlə, iqtisadi zəmində inteqrasiyanın effektivliyi bu kimi mühüm alətlərin işə salınmasından irəli gəlir. Yəni ayrı-ayrı istiqamətlər üzrə konkret mexanizmlər yaradılır. Səhv etmirəmsə, Türk Dövlətləri Təşkilatı müstəvisində 63 belə mexanizmin olduğu barədə fikir mövcuddur. Eyni zamanda, ayrı-ayrı sahələr üzrə əməkdaşlığı daha da sıxlaşdıran çoxsaylı platformalar fəaliyyət göstərir.

Bu baxımdan, Ortaq İnkişaf Bankının yaradılması iqtisadiyyat üçün yeni imkanlar aça bilər. Xüsusilə də birgə layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi baxımından mühüm rol oynaya bilər”.

Millət vəkili vurğulayıb ki, beynəlxalq praktikada bu prinsip əsasında fəaliyyət göstərən çoxsaylı maliyyə institutları mövcuddur:

“Belə bir mexanizmin Türk dövlətləri üçün də yaradılması, təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda Türk dövlətləri arasında milli valyutalarla ticarətin genişləndirilməsi üçün əlavə imkanlar yarada bilər. Nəticə etibarilə, bu yanaşma milli valyutaların dayanıqlığının artırılmasına və möhkəmləndirilməsinə də töhfə verə bilər.

Ortaq İnkişaf Bankı vasitəsilə bu istiqamətdə həyata keçiriləcək layihələr real dividendlər verə bilər. Bu, yalnız iqtisadi müstəvidə deyil, iqtisadiyyatla sıx bağlı olan digər sahələrdə də ortaq fəaliyyətlərin həyata keçirilməsinə imkan yarada bilər. Belə əməkdaşlıq Ortaq İnkişaf Bankının dəstəklədiyi proqramlar vasitəsilə də reallaşdırıla bilər.

Amma təbii ki, bu məsələlər həm birbaşa, həm də kompleks şəkildə həllini tapmalıdır. Yəni birtərəfli qaydada, hansısa direktiv əsasında inteqrasiyaya nail olmaq mümkün deyil. Bunun üçün əlverişli bir müstəvi formalaşdırılmalıdır. Konkret olaraq, gələcəkdə həyata keçiriləcək fəaliyyətlərin təməli qoyulmalıdır”.

Millət vəkili hesab edir ki, hər bir təşəbbüs çərçivəsində kompleks şəkildə həllini tapmalı olan məsələlər müəyyənləşdirilməlidir:

“Onların arasında qanunvericilik, qanunvericiliyin bu məqsədlərə uyğunlaşdırılması, eyni zamanda dövlətlərarası prosedurların həyata keçiriləcək fəaliyyətlərə uyğunlaşdırılması kimi məsələlər öz həllini tapmalıdır.

Maneələrə gəldikdə isə, burada qanunvericilikdəki fərqliliklər, eyni zamanda dövlətlərarası münasibətlərdə, o cümlədən ticarət sahəsində mövcud olan müxtəlifliklər nəzərə alınmalıdır. Məsələn, gömrük prosedurları, valyuta mübadiləsi və digər sahələrdə vahid, unifikasiya olunmuş modellərin qurulmasına ehtiyac var.

Bu modellər olmadığı təqdirdə isə müəyyən olunmuş məqsədlərə çatmaq üçün sistemli inkişaf strategiyası müəyyən edilməlidir. Belə bir sistemli inkişaf strategiyası olmadığı təqdirdə bütün təşəbbüslər müəyyən mənada fraqmentar xarakter daşıya bilər. Fraqmentar təşəbbüslər isə ümumi məqsədə çatmaq üçün kifayət etmir.

Bu səbəbdən, mövcud vəziyyəti nəzərə almaqla, dünyada gedən prosesləri, xüsusilə də gələcəkdə baş verə biləcək dəyişiklikləri düzgün proqnozlaşdırmaqla, Ortaq İnkişaf Bankının yaradılması və əlverişli iqtisadi ekosistemin formalaşdırılması məsələsinə diqqət yetirmək olar.

Bu əsasda həmin iqtisadi ekosistemin formalaşdırılması üçün bütün müstəvilərdə, o cümlədən qanunvericilik, əməliyyat və institusional müstəvilərdə mühüm işlərin həyata keçirilməsinə ehtiyac var”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.