Qaynar xətt:

(+99450) 247 90 86

 Prezidentin bağışladığı 500 min ABŞ dolları hara xərclənəcək?  — Açıqlama 

 Prezidentin bağışladığı 500 min ABŞ dolları hara xərclənəcək?  — Açıqlama 

SİYASƏT

106

15.09.2026, 19:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sülhün və dirçəlişin TƏNTƏNƏSİ: Prezident İlham Əliyevin layiq görüldüyü ali mükafat Qarabağa yönəldildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh sahəsindəki qətiyyətli səyləri və beynəlxalq miqyaslı təşəbbüsləri növbəti dəfə mühüm ali mükafatla taclandırılıb. Dövlətimizin başçısı sülhpərvər siyasətinə və qlobal miqyasda təşviq etdiyi barışıq dəyərlərinə görə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Bu yaxınlarda isə Müsəlman Ağsaqqalları Şurasının baş katibi tərəfindən həmin mükafatın rəsmi sertifikatı cənab Prezidentə təqdim olunub. Ən əsası, dövlət başçısı mükafatla birlikdə verilən 500 min ABŞ dolları məbləğində vəsaitin tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə alicənab qərar qəbul edib.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dövlətimizin başçısının sülhpərvər siyasətinə verilən yüksək dəyərdir: 

“Bu mükafat, sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin parlaq ifadəsidir".

Deputat xatırladıb ki, dövlətimizin başçısı bu ilin yanvarında “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüş, fevralda həmin mükafat BƏƏ-yə səfəri zamanı təqdim olunmuşdu. Sentyabrın 14-də isə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevin qəbulunda olarkən, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını cənab Prezidentə təqdim etdi.

Millət vəkilinin sözlərinə görə, 30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır: "Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Cənab Prezidentə bu mükafatın təqdim edilməsi də məhz sülh üçün verdiyi dəyərli töhfələrlə bağlıdır”.

Samir Vəliyev qeyd edib ki, hazırda dövlətimiz işğaldan azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirir. Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfər edərək görülən işlərə nəzarət edir, tövsiyə və tapşırıqlarını verir, eyni zamanda həmin torpaqlarda təməllər atır, açılışlar edir. Bundan əlavə, indiyədək dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 20 milyard manatdan çox vəsait ayrılıb.

Deputat açıqlamasını bu sözlərlə yekunlaşdırıb: 

“Cənab Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” layiq görülməsi ilə əlaqədar 500 min ABŞ dolları məbləğində vəsait verilməli idi. Lakin dövlətimizin başçısı bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib. Əslində, Prezident İlham Əliyevin bu qərarı rəmzi məna daşıyır. Bu, onu göstərir ki, cənab Prezident üçün işğaldan azad olunmuş torpaqlarımızın bərpası və dirçəlişi ən ümdə, ən müqəddəs vəzifədir”.

Çimnaz Telmanqızı