Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kənd sakini İlkin Süleymanovun məhkəməsi davam edir. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı 2019-cu ilin noyabrında oğurlayıb yaşadığı evdə gizlətməkdə, 2020-ci ilin yanvarında qətlə yetirərək cəsədini evinin yaxınlığında yandırmaqda ittiham olunur. Məhkəmə iclasına hakim Dadaş İmanov sədrlik edir.
Oxu24.com xəbər verir ki, 2 ildir davam edən məhkəmə iclaslarında hazırda müdafiə tərəfinin vəsatətləri əsasında dəvət olunan əlavə şahidlər dindirilir. Bundan əvvəlki iclaslarda Nərmin Quliyevaya məxsus olduğu iddia edilən cəsədi, maddi sübutları tədqiq etmiş ekspertlər sorğulanıb. Sonuncu prosesə İlkin Süleymanovun mobil telefonunu tədqiq etmiş ekspert gəlib və tərəflərin suallarını cavablandırıb.
Ötən məhkəmə iclaslarında İlkin Süleymanov deyib ki, 2020-ci ilin 6 yanvarında yanmış cəsəd tapılanda hadisə yerinə gələn polislər onu Tovuz rayon Polis Şöbəsinə aparıblar. Onun sözlərinə görə, həmin vaxt telefonu da onun əlindən alınıb. İlkin Süleymanovun telefonuna ekspertiza rəyi verilib. Həmin rəydə göstərilib ki, bu telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videolarına baxılıb. Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də bu telefonda çılpaq qadın fotosuna, transseksual şəxslərin görüntülərinə baxılıb. İlkin Süleymanov özü də bildirib ki, telefonunda baxıldığı iddia olunan cizgi filmlərinin, çılpaq şəkil və videoların ona heç bir aidiyyəti yoxdur. Vəkillər iddia edib ki, mobil telefona polis şöbəsində müdaxilələr olunub, çılpaq qadın fotoları, uşaq animasiyası və sair yüklənib. İlkin Süleymanovdan ibtidai istintaq zamanı ifadə alınıb ki, guya Nərmin Quliyevanı evində saxladığı 47 gün ərzində ona yutub kanalında cizgi filmləri, şirniyyatlar göstərib. Həbsindən sonra uyğun fotoların telefona yüklənməsi də bu görüntünü yaratmaq və ittihamı inandırıcı etmək məqsədi güdüb. Bu, vəkillərin iddiasıdır.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin texniki ekspertizası şöbəsinin keçmiş eksperti Məmməd Ramazanov vəkil Zabil Qəhrəmanovun suallarını cavablandırarkən məlum olub ki, mobil telefon yanvarın 6-da götürülsə də, götürülmə yanvarın 8-nə sənədləşdirilib. Ancaq bu barədə protokol yoxdur. Sual-cavabdan o da məlum olub ki, telefon tədqiqata fevralın 4-də – İlkin Süleymanov saxlanılandan 1 aya yaxın müddət sonra təqdim edilib. Telefon istintaqda qaldığı bir ay ərzində müdaxilələr olub: “Yanvarın 8-də telefonun yaddaşında 9 foto yaradılıb. Yanvarın 21-də telefona vatsap, instaqram proqramları yüklənib və silinib.
Vəkil:
– Bu fotolar yaradılıb, yoxsa bərpa edilib?
Ətraflı
Ekspert:
– Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilinər, bərpa edilə də bilinər.
Sual-cavablar tərəflər arasında fikir ayrılıqlarına səbəb olanda köməkçi hakim ekspertə sual verib:
– Konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?
Ekspert:
– Olub.
İlkin Süleymanov və vəkilləri daha sonra ekspertə sual veriblər ki, Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda, nəyə görə İlkinin telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə edib. İlkin Süleymanov: “Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb, Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi arada düz 1 ay müddət var, həmin müddətə aid yaddaşı tədqiq etmək niyə maraqlı olmayıb?
Ekspert:
– Bu sualın cavabını mən bilmirəm. Mən ekspertəm, mənə deyiblər bu tarixdən başla tədqiq et, mən də nə deyiblərsə, onu etmişəm.
Prokuror:
– Doğrudan da, maraqlıdır, niyə dekabrın 21-dən sonrakı tarixləri tədqiq etmisiz, ondan əvvəlki tarixləri yox?
Ekspert:
– Mənə elə deyilib.
Ekspert sualları cavablandırarkən tez-tez “bunlar mənim fərziyyələrimdir, belə ola da bilər, olmaya da bilər” deyib. Sonda isə məsləhət görüb ki, maddi sübut olan mobil telefon yenidən ekspertiza edilsin: “Ən yaxşısı, o telefonu təzədən ekspertizaya verin”.
Qanuna əsasən, tutulan şəxsdən götürülmüş maddi sübutlar yalnız ekspert tərəfindən tədqiq edilə bilər. Polisin və istintaqı aparan şəxsin maddi sübutlara müdaxilə etməsi qanunsudur.
İttihama görə, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Buna görə hadisə yerinin yaxınlığında yaşayan 1973-cü il təvəllüdlü İlkin Süleymanov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. İlkin Süleymanovsa məhkəmədə ittihamları qəbul etməyib və bildirib ki, cinayəti boynuna işgəncə yoluyla qoyublar. Məhkəmə 2 ildir davam edir.Musavat.com
Oxu24.com
ŞƏRHLƏR