"Səlimin xəbərini eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
Oxu24.com xəbər verir ki, bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov modern.az-a açıqlamasında bildirib. O, oğlunun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Səlimin təzyiq, şəkər problemləri var idi. Bizdə bu xəstəliklər irsidir. Atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər ki, təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, inşallah sağalar".
Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. O bir neçə gün öncə səhhətindəki problemlərə görə, saxlanıldığı DTX təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
S.Müslümov 2013-2021-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Oxu24.com
ŞƏRHLƏR