Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmana əsasən, qurum öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.
TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
Şura TƏBİB-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir. Şuranın tərkibinə Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri, səhiyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.
İctimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək Şura qərar qəbul etməkdə müstəqildir.
Şuranın vəzifələri aşağıdakılardır:
- təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən TƏBİB-in maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
- TƏBİB-in inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;
- TƏBİB-in fəaliyyətinə nəzarət etmək;
- TƏBİB-in strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, o cümlədən TƏBİB-in əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
- TƏBİB-in təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin TƏBİB-in idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
- icbari tibbi sığorta fondunun təsdiq edilmiş büdcəsinə uyğun olaraq, TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini, habelə tabeliyindəki tibb müəssisələrinin büdcələrini təsdiq etmək;
- TƏBİB-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
- İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
- Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
- TƏBİB-in fəaliyyətinə dair illik hesabatı dinləmək;
- TƏBİB-in kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
- TƏBİB-də daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- TƏBİB-in xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri TƏBİB-in aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
- tibb müəssisələrinin rəhbərlərini və onların müalicə işləri üzrə müavinlərini (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini İcraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;
Şuranın sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini var. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.
İcraçı direktor TƏBİB-in işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edəcək, TƏBİB-in, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində yalnız rəhbərlərinin, bu Nizamnamənin 4.7.15-ci yarımbəndi nəzərə alınmaqla tibb müəssisələrinə münasibətdə (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda) isə müalicə işləri üzrə müavinlər istisna olmaqla digər istiqamətlər üzrə müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edəcək.
Oxu24.com
ŞƏRHLƏR