Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın hərəkətində cinayət tərkibinin olmadığını bildirib.
Oxu24.com "SputnikArmenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.
"Çox yaxşı haldır ki, istintaqın ilkin mərhələsində istintaq orqanı cinayət tərkibinin olmadığını bildirib. İlkin məlumata görə, ona cinayət işi açılmayacaq" - o bildirib.
Vəkil əlavə edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib və materiallar prokurorluğa göndərilib.
Bəs Azərbaycan bayrağını yandıran şəxs kimdir?
Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub.
Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.
2013-cü ildən Ermənistan İctimai Televiziyanın baş stilisti vəzifəsində çalışır və hazırkı şounun təşkilatçılarından biridir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR