Azərbaycanda hava şəraiti ilə bağlı proqnozlar açıqlanarkən meteohəssas insanlar üçün əlverişsiz hava temperaturu barədə xəbərdarlığa tez-tez rast gəlirik.
Oxu24.com -un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin açıqlaması əslində baş verən maqnit qasırğasından xəbər verir.
Bu qasırğanın varlığı, necə baş verməsi və insanlar üçün hansı təhlükə kəsb etməsi böyük maraq doğrurur.
Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Aynur Abdulkərimova BAKU.WS-ə bildirdi ki, geomaqnit sahəsinin aktivliyi günəşdə baş verən fəallıqla əlaqəlidir və günəş küləyi vasitəsilə geomaqnit sahəsinə təsir edən yüklü zərrəciklər yerin maqnit xətlərini kəsərək geomaqnit qasırğasına səbəb olur:
Ətraflı
"Bu ay üçün 20, 27 və 30 aprel tarixlərində zəif geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. 18 apreldə isə geomaqnit sahəsinin aktiv olacağı gözlənilir. Maqnit qasırğalarının yüksək səviyyələrində radio siqnalların, peyk rabitəsinin kəsilməsi baş verə bilər. Sualtı internet kabellərinin, peyklərin, elektrik şəbəkələrin zədələnməsi də baş verə bilər ki, nəticədə insanlar üçün böyük problem yaranar".
Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə vurğuladı ki, maqnit qasırğası elektromaqnit dalğalarının yaratdığı elektromaqnit sahəsinin normadan yüksək olmasıdır: "Bu, günəşdə baş verən proseslərlə bağlıdır. Maqnit qasırğasının əsas təsiri meteohəssas insanlara aiddir. Bu şəxslərdə elektromaqnit dalğası fonunda qan təzyiqi dəyişir, haldan-hala düşülür və başqa hallar qeydə alınır.
Həmin şəxslər proqnozlara diqqət etməli, imkan daxilində göstərişlərə əməl etməli, evdə qalmalı və həkimlə əlaqə saxlamalıdır. Orqanizmdə əsasən törədilən dəyişiklik funksional dəyişiklərdir, üzvü dəyişiklik deyil. Daha çox qan təzyiqi oynayır, nəbz yüksəlir, erək döyünməsi artır, boğulmalar və başqa hallar baş verə bilir".
Oxu24.com
ŞƏRHLƏR