Stanislav Yeji Letsin "Əvvəl söz vardı - sonra sükut yarandı" ifadəsi Azərbaycanda bəzən ciddi, hətta çox ciddi aktuallıq kəsb edir.
Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı olaraq ölkəmizdən "Erets İsrael"ə böyük nümayəndə heyəti yollanmışdı.
Heyətin tərkibində yer alan siyasətçilər, millət vəkilləri, məmurlar və s. Bakıya döndükdən sonra müsahibələr, açıqlamalar verdilər, Azərbaycan-İsrail münasibətlərindən, əlaqələrimizin indisindən və perspektivlərdən bəhs etdilər.
Çox adam çox mövzuda danışdı.
Lakin onların arasında Milli Məclisin deputatı Arzu Nağıyevin müsahibələri və açıqlamaları əlahiddə, hətta müstəsna yer tutur.
Azərbaycan dilini, diplomatiya lüğətini, fəlsəfəni, siyasət elmlərini və daha neçə fənnlə peşəni şəksiz zənginləşdirəcək açıqlamalar həm də regional geosiyasətlə qlobal siyasi prosesləri araşdırmaq, öyrənmək və anlamaq istəyənlər üçün misilsiz, dəyəri yüksək nəsnə, məxəz və mənbədir.
Cənab Arzu Nağıyevin sadəcə, REAL TV-nin studiyasında verilmiş suallara cavablarını incələyək - təbii ki, böyük həvəs, istək, sayğı, sevgi, təşnə, diqqət və sair və ilaxırla.
Məsələn, c-b Arzu Nağıyev buyurur ki, "Elə bil ki, dost dövlətə getdik. Baxmayaraq ki, orada iqtidar-müxalifət dialoqu gedirdi".
İsrailin Azərbaycana gerçəkdən də dost ölkə olduğunu, orada "iqtidar-müxalifət dialoqu yox", səfər zamanı iqtidar-müxalifət qarşıdurmasının olmasının nə əhəmiyyəti var - əsas c-b Arzu Nağıyevin açıqlamasıdır.
Daha sonra "1940-941-ci illərdə yəhudi soyqırımı oldu, azərbaycanlılar bunun qarşısını aldılar" (!) dahiyanəliyi. Holokost və ya Şoa 1933-cü ildə başlayıb, azərbaycanlılar da bunun qarşısını heç cür ala bilməzdilər - amma nə olsun, məntiq çeçəyərək sussa da, dinləməyə davam edirik.
Və daha sonra A.Nağıyev rusiyalı sülhməramlılardan, mandatdan, beynəlxalq siyasətdən danışdı. Nə dedi, vallahi və simallahi anlamadıq. Çox çalışdıq, dəfələrlə və təkrar baxaraq dinlədik, hətta canımıza cahil olmağımıza görə şühə dolduğu üçün başqalarına da dinlətdik və baxdırdıq - heyhat, onlar da anlamadılar.
Təbii, siyasət elə incə məsələdir ki, hər kəs anlasa daha nə oldu ki...
Əsas odur nə isə deyəsən.
Amma bəzən sükut insanı daha ağıllı göstərir.
Oxu24.com
ŞƏRHLƏR