Ucarda ildə bir dəfə fəaliyyət göstərən pir var
İnsanlar arzu və istəklərinin reallaşması üçün bəzi hallarda pirlərə, ziyarətgahlara üz tuturlar. Belə pirlərdən biri də Ucar rayonunun Qulabənd kəndində yerləşən "Çillə xanım piri"dir.
Şəfa tapmaq məqsədi ilə pirə axışan insanların dediyinə görə, ziyarətgah il ərzində cəmi bir dəfə fəaliyyət göstərir. Ziyarət vaxtı ilaxır çərşənbə ərəfəsinə təsadüf edir.
Kimi heyvan kəsir, kimi şam yandırır, kimi nəvə və yaxud övladlarının dünyaya gəlməsini arzu edərək lentlərdən yürük düzəldib üstünə çöplər düzür, kimisi nəzir paylayır, kimisi isə xınayaxdı mərasimi keçirir. Bir sözlə hər kəs pirin inanılmaz gücünün hesabına arzuların reallaşacağına inanaraq var gücü ilə çalışır.
Niyyət edən şəxslər arzu və istəklərinin məhz "Çillə xanım piri"ndə reallaşacağına inanırlar. Onlar ötən ildəki istəklərinin bu il reallaşdığı ümidi ilə pirə, pul, xırda buynuzlu heyvan, şirniyyat, növbənöv kökələr, bəzəkli xonçalar, milli yeməklərindən olan plov, dolma, bozbaş və sair yeməklər gətirirlər.
Bir nəfər şəxs ərazidən torpaq götürərək su ilə qarışdırır və nəticədə pirin simvolu olan palçıq əmələ gəlir. Ziyarətə gələn hər bir şəxsin alnına barmaqla həmin xüsusi məhluldan sürtülür. insanların alnına sürtülən məhlul gərək ərazidən çıxarkən təmiz, axar su ilə yuyula. Palçıqlanmış insan bu vəziyyətdə evə gedə bilməz.
“Götürdüyüm torpaqdan kimyə düzəldilir və mütləqdirki pirə gələnlər bundan alınlarına sürtsünlər. Pirdən bir dənədə olsa konfet belə götürülməlidir. Götürülməsə bu isbata keçmir. Yəni arzuların heç vaxt reallaşmayacaq.”
Deyilənə görə, "Çillə xanım piri"nin yaranma tarixi uzaq keçmişə təsadüf edir. Bəzi ziyarətçilərin dediyinə görə, əsirlər əvvəl Qulabənd kənd sakini heyvanını itirib. Bacı-qardaş birlikdə heyvanı axtarmağa gedib. kolluq bir ərazidə, indiki "Çillə xanım piri" adlanan ərazidə qız qeyb olub və onun paltarının bir hissəsi kola ilişərək ərazidə qalıb.
Bəzi insanlar isə deyirlər ki, kənddə 3 bacı olub. İndiki ərazidə yer aralanıb həmin bacılardan birini 9 yaşlı Çillə adlı qızı udur və o gündən insanlar bura ziyarətə gəlir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay Bölgəsi üzrə şöbəsinin müdiri İlham Qədirov deyir ki, bu ziyarətlərin dinlə heç bir əlaqəsi yoxdur, bu sadəcə xurafatdır.
Psixoloqlar isə deyir ki, pir və ocaqlara inamın əsas səbəbi, rahatlıq verməsidir.
Oxu24.com
ŞƏRHLƏR