BMT erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə prosesini dəstəkləməyə davam edəcək.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ağacəkmə aksiyasında deyib.
Onun sözlərinə görə, minatəmizləmə prosesi BMT-Azərbaycan tərəfdaşlığının prioritet istiqamətlərindən birini təşkil edir.
Ətraflı
"Biz minatəmizləmə prosesinə yönəlmiş ikinci konfransa hazırlaşırıq. Konfrans 2023-cü ilin may ayında Ağdamda keçiriləcək. Konfransın əsas məqsədi Azərbaycanın digər təcrübədən nəticələr çıxarmasına kömək etmək, həmçinin, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə prosesində ANAMA-nın uğurlarını nümayiş etdirməkdən ibarətdir", - Andreyeva əlavə edib.
Qeyd edək ki, 16 mart 2023-cü il tarixində Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir.
Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin rolu, humanitar yardım, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər istiqamətlərinə həsr olunub.
Oxu24.com
ŞƏRHLƏR