ABŞ-da qısaboylu uşaqlara hormon iynəsi vurulmağa başlanılıb.
OXU24.COM bildirir ki, “Kosmetik endokrinologiya” adlanan təcrübə getdikcə daha çox yayılsa da, həkimlər sözügedən prosedurun sağlamlıq riskləri yarada biləcəyini deyib. Mütəxəssislər yeni tendensiyanın yeniyetmələrə mənfi sosial mesaj göndərdiyini vurğulayıb.
“New York Post” qəzetinin məlumatına əsasən, yaşına görə qısa olduğu düşünülən varlı uşaqların ailələri hormon inyeksiyalarına müraciət etməyə başlayıb. Qəzetə danışan bir ana “bütün varlılar bu iynəni əldə etmək istəyir” deyib.
Qeyd olunub ki, bəzi ailələr hətta uşaqlarını iynə vurdurmağa məcbur edir.
Lakin həkim Erik Asker prosedurun çatışmazlıqları ilə bağlı xəbərdarlıq edib:
“Valideynlər övladlarına hormon verildikdə daha atletik və cazibədar olacağını düşünürlər, lakin bu, onlarda ürək problemləri riskini artırır. 2003-cü ildə ABŞ Qida və Dərman İdarəsi qısaboylu uşaqların müalicəsi üçün hormonların istifadəsinə icazə verdikdən sonra bu, getdikcə daha çox yayılmağa başlayıb”.
Qeyd edək ki, qısa boylu uşaqlara hormon inyeksiyası Çində də geniş tətbiq olunur.
Oxu24.com
ŞƏRHLƏR