“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı, eləcə də gənclər arasında təbliği ilə məşğul olan daha 8 nəfər saxlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 8 nəfər – Elnarə Əliyeva, Ələkbər Abuzərov, Cavad Quliyev, Nəcməddin Mehdiyev, Rüfət Quliyev, Zöhrab Dadaşbalayev,Vaqif Abdullayev və Ədalət Həsənov saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkarlanıb.
Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR