Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83850
az

Telefonlar hansı hallarda dinlənilə bilər? - HÜQUQİ YARDIM 

10:5104 Mart, 2023
616
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.

Telefon danışıqlarımızın dinlənilməsi, poçt, teleqraf və digər göndərişlərimizin yoxlanılması, istifadə etdiyimiz texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması hansı hallarda ola bilər?

Bu kimi müdaxilələr bizim konstision hüquqlarımızın pozulmazı ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində bu halları bizim şəxsi toxunulmazlıq hüququmuz kimi təsbit edir. Konstitusiyada hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ olduğu bildirilir və yalnız qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağan edilir. Hər kəsin qanunsuz edilən müdaxilədən müdafiə olunmaq hüququ olduğu bildirilir. Şəxsin razılığı olmadan kimsənin onun şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla şəxs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Dövlət hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla şəxs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Şəxsin barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

Bu cür müdaxilələrin qanuni əsasları Avropa İnsan Haqqları Konvensiyasının 8-ci maddəsində öz əksini tapıb. Konvensiya milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləni yol verilməz hesab edir.

Azərbaycan Respublikasında bü cür müdaxilənin qanuni əsasları ərtaflı şəkildə “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunda öz əksini tapıb. Qanunun 10-cu maddəsi bu müdaxilələri əməliyyat axtarış tədbirəli kimi təsbit edir ( telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;). Qanunda göstərilən bu əməliyyat axtarış tədbirləri yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər. Nəzərdə tutulmuş bu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər.

Bundan başqa hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər hərəkətlər tətbiq edilməsi təhlükəsinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti olduqda onların telefonu və ya digər danışıq cihazları ilə aparılan danışıqlara həmin şəxsin ərizəsi əsasında müvafiq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qulaq asıla bilər.

Qanunla nəzərdə tutulmamış vəzifəli şəxslərin əməliyyat-axtarış tədbirlərinin aparması, gizli texniki vasitələrdən istifadə etməsi qadağandır.

Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunda nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır.

Bu səbəblər aşağıdakılardır:

1) fiziki şəxslərin ərizələri;

2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri;

3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;

4) əməliyyat-axtarış məlumatları;

5) əməliyyat-axtarış fəaliyyəti zamanı yazılı sorğuları;

6) Hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanların yazılı sorğuları;

7) Təhqiqat və istintaq aparan şəxslərin yazılı tapşırıqları;

8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları;

9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları.

Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar məhkəmənin (hakimin) qərarları, istintaq orqanlarının qərarları və əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əsasında həyata keçrilməlidir.

Bu tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan şəxslərin  qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər:

1) başlanmış cinayət işi mövcud olduqda;

2) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;

3) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;

4) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;

5) naməlum meyit aşkar edildikdə.

Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər. Bu tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır.

Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri

Qanunla mühafizə edilən yazışma, telefon, poçt-teleqraf və digər rabitə üsulları ilə ötürülən məlumatların sirrinin qorunması, eləcə də mənzil toxunulmazlığı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, dəlillərinin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilir.

Telefon və digər danışıqların dinlənilməsi və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlər də əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.

Şəxs tərəfindən cinayətin törədilməsi və ya hazırlanması barədəki kifayət qədər əsas olduqda onun özü və əlaqələri haqqında məlumat almaq məqsədilə tətbiq edilən əməliyyat-axtarış tədbirində insanın səhhətinə və ətraf mühitə ziyan vuran texniki vasitə, psixotrop, kimyəvi və digər maddələrdən istifadə edilməsi qadağandır.

Bu tədbirlər tətbiq edilərkən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsləri, həmin tədbirlərin cinayətkar qəsdlərin dövlətin və cəmiyyətin mənafeyinə vura biləcəyi ziyanın ictimai təhlükəsizlik dərəcəsinə uyğunluğunu gözləməyə borcludurlar.

Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi

Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar qanuna uyğun əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bu tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir. Qanununvericiliyin tələbləri pozulmaqla əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatları yaymaq qadağandır. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı
"Qardaş ölkələrin təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir"- Kamran Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video