Daxili işlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin polis orqanına dəvət edilən zaman onun üzərində olan cihazlar – mobil telefon, planşet, kompüterinin götürülməsi, evində və ofisində axtarış aparılması ilə bağlı iddialara aydınlıq gətirib.
Oxu24.com-un məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, vətəndaş Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, onun üzərində hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb.
DİN rəsmisi qeyd edib ki, qeyd olunan məsələlər istintaqın araşdırma predmetini təşkil etməyib:
"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik. B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmalarla bağlı suala cavab olaraq şöbə rəisi bildirib ki, bu məlumatların haradan necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub. Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır".
Oxu24.com
ŞƏRHLƏR