Rusiya Ukraynaya qarşı müharibəyə daha bir milyona qədər əsgər səfərbər edə bilər.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl fevralın 22-də "Redaktionsnetzwerk Deutschland" media qrupuna müsahibəsində deyib.
Kahl bildirib ki, 2022-ci ilin payızında 300 minə yaxın insan səfərbər edilib, onlardan bəziləri hələ də təlim keçir, bəziləri artıq döyüş meydanına göndərilib.
"Rusiyanın gələcək səfərbərlik potensialı, Kreml bunu zəruri hesab edərsə, bir milyon nəfərə qədər ehtiyatdır", - deyə BND rəhbəri bildirib.
Almaniya kəşfiyyatının rəhbəri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin danışıqlara hazır deyil. Kahl etiraf edir ki, hələlik Putin döyüş meydanında qərar vermək və mümkün qədər çox üstünlük əldə etmək istəyir ki, gələcəkdə dünyaya öz şərtləri ilə diktə edə bilsin.
Almaniya kəşfiyyatının rəhbəri bildirib ki, Ukrayna ordusu hələ də özünü Rusiya Federasiyasının üstün qüvvələrinə qarşı effektiv şəkildə müdafiə edə bilir.
Lakin uzunmüddətli perspektivdə Ukrayna tərəfinin uğuru Qərbin dəstəyindən asılıdır.
BND rəhbəri bildirib ki, Rusiya ordusunun əsas diqqət mərkəzində olan Donbasa getdikcə daha çox rus əsgəri gəlir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR