Bu gün, yanvarın 23-də Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərinin üç eskadrilyasından ilk ikisini Polşaya köçürməyə başlayıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, hava hücumundan müdafiə qüvvələri Polşanın cənub-şərqində, Ukrayna ilə sərhəddən təxminən 60 km və Lvova 110 km məsafədə yerləşən Zamoş şəhəri yaxınlığında əməliyyat mövqelərinə keçməlidir.
Nəqliyyat vasitələrinin sütunu hələ də 1100 km qət etməlidir.
Hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerin yaxınlığında Ukraynaya təyinatlı mülki və hərbi yüklərin daşınması üçün mühüm dəmir yolu stansiyası yerləşir.
Bundesver qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin hərəkətə gətirilməsinin məqsədi Polşanın hava məkanını qorumaq və NATO-nun şərq cinahını gücləndirməkdir.
Eyni zamanda, Almaniya hərbçiləri Polşa NATO tərəfdaşları ilə birlikdə silah sisteminin komponentlərinin quraşdırılmasını təmin etmək üçün yanvarın 16-dan Polşadadır.
Bölmələr Alyansın şərq cinahında hava məkanından müdafiə sisteminə inteqrasiya olunub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR