Son günlər demək olar ki, hər kəs bahalaşmadan gileylənir. Bayramlar isə bu gileyləri daha da alovlandırır. Məsələn, bu günlərdə paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.
Bəs cibimizi necə qoruyaq?
OXU24.COM musavat.com-a istinadən bildirir ki, iqtisadçı Natiq Cəfərli ölkədə qiymət artımını yaradan amillərdən danışıb.
Ekspert bildirib ki, bu amillərdən biri həm mövsümlə, həm də tələbatın artımı ilə əlaqədardır:
Ətraflı
"Qış mövsümündə Azərbaycanda həmişə yeni məhsullar çıxana qədər bahalaşma olur. Amma bahalaşma daha çox tələbatın artması ilə bağlıdır. Azərbaycanda bayramlardan öncə, əsasən də Yeni il və Novruzdan öncə həmişə qiymət artımını müşahidə etmişik. Qanunvericiliyə əsasən, dövlətin Tarif Şurasının tənzimlədiyi qiymətlərdən başqa hansısa sahəyə müdaxilə etmək və yaxud hər hansı bir formada qiymətə düzəliş etmək ixtiyarı yoxdur. Dövlətin satılan mal və məhsulların təhlükəsizliyi ilə bağlı yoxlamalar aparmaq ixtiyarı var. Vergidən yayınmanın olub-olmaması ilə, eyni zamanda antiinhisar orqanlarının qiymət sövdələşməsinin olub-olmaması ilə bağlı yoxlamalar aparıla bilər. Qiymət sövdələşməsini sübut etmək çox çətindir. Bu proses böyük araşdırma tələb edir. Bu, daha çox xaricdən gətirilən məhsullarda özünü göstərir. Belə ki, bir sıra iri şirkətlər çox zaman qiymətləri tənzimləyərək məhsulları bazara çıxarırlar. Amma daxili istehsalın - ət, meyvə-tərəvəz və s.-in sövdələşmə ilə üzləşməsi mümkün deyil.
Təkcə ət bazarını götürsək, minlərlə oyunçu, fermer, ət satılan nöqtələr var. Onların sövdələşməsi mümkün deyil. Azərbaycan hökuməti qiymət artımı tendensiyasını nəzərə alaraq bir çox güzəşt nəzərdə tuta bilər ki, bazarın tənzimlənməsində iştirak edə bilsin. Bu, əlavə dəyər vergisinin azaldılması, vergi güzəştləri ola bilər. Xaricdən gətirilən məhsullar üçün isə gömrük tariflərinin aşağı salınması ola bilər. Hökumət rəqabəti gücləndirməklə, bazara yeni oyunçuların daxil olmasını daha da asanlaşdırmaqla, kənd təsərrüfatı məhsullarının istehsalını, eyni zamanda ət istehsalını stimullaşdırmaqla qiymətlərə təsir göstərə bilər".
Oxu24.com
ŞƏRHLƏR