Oxu24.com oxuuclara hüquqi yardımını davam etdirir.
Bu dəfə toxunduğumuz mövzu əcnəbi vətəndaşların Azərbaycanda mülk sahibi olması məəsləsi ilə bağlııdr.
Sual: Xarici ölkə vətəndaşı Azərbaycanda torpaq mülkiyyətçisi ola bilərmi?
Cavab:Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Bununla yanaşı, 3 halda xarici hüquqi və fiziki şəxslər Azərbaycanda torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilərlər, lakin həmin hüququ 1 il müddətinə özgəninkiləşdirməlidirlər.
Bu müddəa Torpaq Məcəlləsinin 49.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, sözügedən maddəyə uyğun olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir.
Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR