Ucarda quldurluq edən üç nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən üç nəfər - Əbdürrəhim Məcidov, Əli İbrahimov və Elxan Əhmədov yaxalanıb.
Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan şəxslər dekabrın 6-da rayon ərazisində yerləşən qızıl mağazalarının birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində 7000 manat civarında dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək müqavimət göstərib. Bu zaman həmin şəxslər vətəndaşa xəsarət yetirməklə bərabər avtomobilin şüşəsini qırıb və hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman isə üzlərinin tanınmaması üçün tibbi maskadan istifadə ediblər.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, zərərçəkən Vüqar Əliyev uzun müddət Ukraynada yaşayıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra doğulduğu Ucar rayonuna gəlib. Zərərçəkənin sözlərinə görə, hadisə yaxın qohumuna məxsus qızıl satışı mağazasının önündə baş verib.
Qeyd edək ki, faktla bağlı hər üç şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR