Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən qaz paylayıcısı, yəni alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs qanunvericiliklə müəyyən olunan hallarda qazın verilməsini dayandıra bilər.
Oxu24.com xəbər verir ki, həmin hallar aşağıdakılardır:
• qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə istehlakçının müvafiq yazılı müraciəti olduqda;
• təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
• istehlakçının qaz qurğusu Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
• qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
• qaz paylayıcısı ilə müvafiq müqavilə (alğı-satqı müqaviləsi) bağlanılmadıqda;
• İstehlakçı Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün (altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsi təmin edilməlidir) onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
• Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;
• məhkəmənin qərarı ilə;
• dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
Onu da qeyd etmək lazımdır ki, istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR