2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.
Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük".
Oxu24.com
ŞƏRHLƏR