Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, haqqin.az saytının yaydığı məlumata görə, ötən şənbə günü, sentyabrın 3-də jurnalist Ə.Zeynallı həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməyə başlayıb. Qeyd edilib Ə.Zeynallı həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb. Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər.
Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmenin “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər.
Saytın yaydığı sonuncu məlumata görə, 20 min manat pul geri qaytarılıb.
Oxu24.com
ŞƏRHLƏR