“Avqustun 26-da Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinə daxil olublar və bu ərazilər tam nəzarətimiz altına keçirilib”.
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi, yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesi həyata keçirir: “Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən mina axtarma işləri də davam etdirilir. Laçın rayonu ərazisində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib. Bu minaların da 2021-ci ildə, Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunması müəyyən olunub. Bu da açıq şəkildə Ermənistan silahlı qüvvələrinin və erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun hərbi qulluqçularına, eyni zamanda, Azərbaycan əhalisinə qarşı təcavüzünün bariz nümunəsidir”.
Eyvazovun sözlərinə görə, Azərbaycan Ordusunun maddi-texniki təminat bölmələri tərəfindən hazırda nəzarətə götürülmüş ərazilərdə: Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrində dislokasiya olunan bölmələrin hərbi qulluqçularının məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.
“Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər azad olunmuş ərazilərdə olduğu kimi, bu ərazilərdə də qısa müddət ərzində hərbi qulluqçularımızın sosial məişət şəraiti yüksək səviyyəyə çatdırılacaq", - MN rəsmisi qeyd edib.
O bildirib ki, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrini nəzarətə götürdükdən sonra bu ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb: “Bölmələrimiz hər zaman istənilən təxribatın qarşısını almağa hazırdır. Təbii ki, biz təxribat deyəndə minaları nəzərə almırıq. Çünki biz bilirik ki, Laçın rayonu ərazisində çoxlu sayda minalar basdırılıb. Bunlar da mütəmadi olaraq aşkarlanır və utilizasiya edilir”.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini Prezident İlham Əliyevə məruzə edən hərbçilərdən biri, leytenant Bilal Bayramov bununla bağlı hisslərini bölüşüb.
O, həmin hissləri dilə gətirmək mümkün olmadığını bildirib: “Çox qürurverici hissdir. Bu işdə iştirak etdiyim üçün özümlə fəxr edirəm, qürur duyuram. Nəinki mən, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz – hamı Laçının azad olunmasında iştirak etdiyindən böyük fəxr hissi duyur”.
Bayramov bildirib ki, 44 günlük müharibədən sonra düşmənin gözü qorxub: “Düşmən tərəfdən heç bir təxribat yoxdur. Ordumuz Laçının bütün ərazisinə nəzarət edir”.
Qeyd edək ki, B. Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub
Oxu24.com
ŞƏRHLƏR