Bakıda kriminal aləm üzvlərinə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevin evinin həyətində qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, A.Mirzəyevi yaşadığı evin həyətində güllələyərək öldürən qayını, 1978-ci il təvəllüdlü Taryel Qurbanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətə həbs cəzasına məhkum edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə baş verən gün Allahverdi Mirzəyev yaşadığı evə gələrək həyat yoldaşını döyüb və onun qızıl boyunbağısını dartıb çıxarıb. Belə ki, həmin gün A.Mirzəyevin özündən 19 yaş kiçik olan və qeyri-rəsmi nikahda yaşadığı sevgilisindən olan övladının doğum günü olub. Bu səbəbdən o, uşağına hədiyyə almaq qərarına gəlib və yaşadığı evə gələrək həyat yoldaşının mobil telefonunu və qızıl boyunbağısını zorla alıb, onu alın nahiyəsindən vuraraq xəsarət yetirib. Bundan xəbər tutan A.Mirzəyevin qayını Taryel Qurbanov daha əvvəl də bu tip hadisələrin baş verdiyini bilərək yeznəsini qətlə yetirmək qərarına gəlib.
O, bacısıgildə yeznəsinin bacısını döydüyünü gördükdən sonra yaşadığı evə gəlib və zirzəmidə gizlətdiyi tüfəngi götürərək geri qayıdıb. Taryel Qurbanov yeznəsinin evinə gələrək tüfəngi ona məxsus "İkarus" markalı avtobusun altında gizlədib və evə qalxıb. A. Mirzəyevin evdə olmadığını öyrənən T. Qurbanov daha sonra evi tərk edib və bacısıgildə evdən uzaqlaşması təəssüratını yaradıb. Lakin o, bir neçə dəqiqə sonra açıq qalan həyət qapısından geri qayıdaraq tüfəngi götürərək həyətdəki əl damına girib. Burada gizlənən Taryel Qurbanov yeznəsinin evə qayıtmasını gözləyib. Bir qədər sonra A.Mirzəyevin "Galendewagen" markalı avtomobillə gəlib həyətə daxil olduğunu gördükdən sonra tüfəngi götürərək ona yaxınlaşıb və silahın lüləsini onun çənəsinin alt hissəsinə dirəyib. O dərhal atəş açaraq yeznəsini qətlə yetirib.
Ətraflı
Araşdırmalar zamanı məlum olub ki, Allahverdi Mirzəyev əvvəllər xuliqanlıq əməlinə görə 3 il həbsxana həyatı yaşayıb. O, özünə məxsus 10-a yaxın iritutumlu avtobusu "Azərsun" və digər şirkətlərə icarəyə verərək aylıq 10-15 min manat gəlir götürürmüş. Elə həmin vaxt, yəni 2020-ci ildə Allahverdi Mirzəyev "Azərsun"da çalışan 1997-ci il təvəllüdlü, əvvəllər ailəli olmuş qadınla tanış olaraq onunla sevgi münasibətinə başlayıb. Bundan sonra onun ailədəki münasibətləri pisləşib. A.Mirzəyev sevgilisinə ev tikdirib, əldə etdiyi pulların böyük hissəsini ona xərcləyib.
Təqsirləndirilən şəxs məhkəmədə deyib: "Allahverdi bacımı demək olar ki, hər gün döyüb, təhqir edib. Hadisədən iki ay əvvəl isə Allahverdi, hətta öz oğlunu da döydüyündən bacım qorxaraq atamın evinə qaçmışdı. Bundan başqa, Allahverdinin bir qadınla münasibəti vardı, bacımın qızıllarını əlindən zorla alaraq həmin qadına vermişdi. Allahverdi həmin qadın üçün ev tikdirmiş, hətta onun üçün mahnı bəstələtdirmiş və həmin mahnını utanmaz-utanmaz gətirib bacıma göstərmişdi. Bacım onun əlindən çox əzab çəkmişdi. Bir qardaş kimi bunu özümə sığışdıra bilmirdim, səbir kasam dolmuşdu. Hadisə baş verən gün bacımın nəvəsi dünyaya gəlmişdi, onu xəstəxanadan çıxarmaq lazım idi. Evdən çıxaraq gözaydınlığı vermək üçün bacım Təranəgilə getmişdim. Bacım, onun oğlu, bacımın qayınanası, gəlini və yeni doğulmuş nəvəsi evdə idi. Ayaqüstü gözaydınlığı verərək təxminən 10 dəqiqə onlarda dayanıb evdən çıxdım, darvazaya kimi bacım və oğlu məni ötürdülər. Darvazanın kandarında gözüm bacımın alnında olan şişə sataşdı və həmin şişin Allahverdinin ona vurduğu zərbənin yerinin olub-olmamasını soruşdum, bacım isə hər olan şeyə fikir verməməyimi, boş şey olduğunu dedi".
Məhkəmədə Allahverdi Mirzəyevin anası onun hüquqi varisi qismində çıxış edərək bildirib ki, oğlunu təkcə onun qayını T. Qurbanov deyil, həyat yoldaşı, qayınatası və qayınanası birlikdə qətlə yetirib və onlar da məsuliyyətə cəlb edilməlidir.
Oxu24.com
ŞƏRHLƏR