Qardaş Türkiyədə minimum əməkhaqqı 30 faiz artırılaraq 5500 lirəyə (534 manat) çatdırılıb. İlin sonunda minimum əməkhaqqı ilə bağlı məsələyə yenidən baxılacağı açıqlanıb. Türkiyə ilə yanaşı, Azərbaycanda da minimum əmək haqqı və pensiyalar müşahidə olunan bahalaşmaya adekvat hesab olunmur.
OXU24.COM modern.az-a istinadən bildirir ki, əksəriyyət minimum pensiya və maaşların minimum 500 manata çatdırılmasını təklif edir.
"Yeni Gündəm" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bahalaşmanın olduğunu və sürətlə getdiyini təsdiqləyib. Deputat qeyd edib ki, ilkin olaraq təqaüd və maaşların nə qədər artırılacağı ilə bağlı hesablamalar aparılmalıdır:
"Bu səbəbdən konkret məbləğ səsləndirmək düzgün deyil. Kimsə 400 manat olmasını, kimsə 500 manat olmasını istəyər. Amma realda nə qədər artıma ehtiyac olması araşdırılmalıdır. Bütövlükdə artıma ehtiyac olduğu göz qabağındadır. Çünki ölkədə ciddi qiymət artımı gedir. Bu səbəbdən əmək haqlarına, müavinətlərə, pensiya məsələlərinə yenidən baxmaq lazımdır".
Parlamentari hökumətin artıma getmək üçün kifayət qədər vəsaiti olduğunu vurğulayıb:
"İnflyasiya kifayət qədər yüksək olduğu üçün bu məsələlər gündəmdə olmalıdır. İnsanlar bəzi hallarda gündəlik tələbat malları, dərman almağa çətinlik çəkir. Bu məsələləri tənzimləmək lazımdır".
Bundna əlavə, deputat maaş və pensiyalara yenidən baxıla biləcəyini istisna etməyib.
Oxu24.com
ŞƏRHLƏR