Bu gün Azərbaycan televiziyasının 62 və radiosunun 92 yaşı tamam olur. Azərbaycanda ilk dəfə 1926-cı il noyabrın 6-da radio efirə çıxıb. Radio dalğasında ilk dəfə "Danışır Bakı" sözləri səslənib.
Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Femida.az Azərbaycan Televiziyasının keçdiyi tarixlə bağlı yazını təqdim edir:
Azərbaycan Televiziyası – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi.
Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı.
İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Sonra ekranda «Bəxtiyar» bədii filmi nümayiş etdirildi.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı.
İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.
70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.
İlk diktorlar
1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi.
Sonradan televiziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Həşimov...
Verilişlər
İlk illərdə «Azərbaycan bəstəkarlarının portretləri», «Ədəbiyyat və incəsənət», «Azərbaycan ədəbiyyatının klassikləri», «Görkəmli səhnə ustaları», «Bakının teatr və konsert salonlarında», «Lenin mükafatı laureatları», «Məktəb və həyat», «Xalq drujinaçısı», «Bizim qonaqlarımız», «Festival qarşısında» və s. bu kimi informasiya xarakterli verilişlər efirə çıxırdı.
1958-ci ildən başlayaraq proqramlarda publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən, iclaslardan, görüşlərdən birbaşa yayımlar reportajları zənginləşdirən amilə çevrildi.
60-cı illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da nəzərə çarpırdı.
Azərbaycan Televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. İlk dövrdə bu veriliş «Günün yenilikləri» adlanırdı. Həmin ilin aprelindən informasiya buraxılışı «Son xəbərlər» adı ilə həftədə 5 dəfə təqdim edilir. Iri həcmli xəbərlər proqramının nümayişi isə Mərkəzi televiziyanın «Vremya» («Zaman») informasiya proqramının yaranışından sonraya təsadüf edir. 1967-ci ildə «Günün ekranı» xəbərlər proqramı efirə çıxdı. Bu proqram ölkədə və dünyada cərəyan edən ən mühüm hadisələri, rəsmi məlumatları və görüşləri tamaşaçılara çatdırırdı.
1960–70-ci illərdə yerli televiziyada «Odlar diyarı», «Dostluq», «Zaman və biz», «Yaddaş: Tarixin səsi» «Sənayemizin üfüqləri», «Tələbə klubu», «Şən və hazırcavablar klubu» kimi verilişlər yaranmışdı.
1960-cı il dekabrın 31-də ilk dəfə «Sizinlə birlikdə» Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.
70-ci illərin sonunda ekranda «Insan və qanun», «Ədəbiyyat və zaman» «Valideynlər, sizin üçün», «Hünər», «Tələbə klubu» «Sağlamlıq», «Incəsənət», «Hekayə axşamı», «Yumoristik novellalar», «Necəsən, gənc dost?», «Yeddinci qitə», «Yaşıdlar», «Məktəblilərin rəqs salonu», «Kamillik» kimi maraqla izlənən verilişlər vardı.
70-80-ci illərdə televiziya jurnalistikası sahəsində Ələkbər Abbasov, Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda Ismayılova, Telli Əliyeva, Tofiq Abbasov, Ilqar Qasımov, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil Ismayılov kimi jurnalistlər fəaliyyət göstərirdilər. Onlar yeni forma və üslub nümayiş etdirməyə çalışırdılar.
80-ci illərdə Azərbaycan Televiziyasında 50 adda veriliş yayımlanırdı. Onların arasında «Günün ekranı», «Aşkarlıq», «Sizin istəyinizlə», «Arzular», «Səhər görüşləri», «Komediyalar aləminə səyahət», «Dialoq», «Dalğa», «Açıq-aşkar», «Aktual söhbət», «Publisist», «Inam», «Dünyaya pəncərə» «Çay dəstgahı» və s. verilişlər var idi. Vaqif Səmədoğlunun «Caz aləmində», Mehdi Məmmədovun «Rampa», Xudu Məmmədovun «Evrika», Kamal Abdullanın «Qoşma», Ayaz Salayevin «Retro», Aleksandr Qriç və İntiqam Qasımzadənin «Bayatı» ədəbi almanaxı kimi verilişlər tamaşaçılar arasında böyük rəğbət doğurmuşdu.
80-ci illərdə AzTV-də «İdman verilişləri» baş redaksiyası yaradıldı, futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli yetişdi. Onların arasında Çingiz Ismayılov, Aydın Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov kimi idman jurnalistləri var idi. Bundan başqa «Şahmat məktəbi», «Səhər gimnastikası» adlı yeni proqramlar yarandı. Gimnastika hərəkətləri tanınmış pianoçular Gülarə Əliyeva və Zaur Rzayevin ifası ilə müşayiət olunurdu. Zaman ötdükcə AzTV səhər idman proqramlarını təkmilləşdirdi. Mərkəzi televiziyada olduğu kimi, studiyaya müxtəlif gimnast qrupları dəvət edilirdi. Keçən əsrin sonlarında isə hətta aerobika məşğələləri təşkil olundu.
Bəs, Azərbaycan Televiziyasının tamaşaçıların yaddaşlarında həkk olunan hansı proqramları olub?
Femida.az bununla bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.Sorğuya əsasən Dövlət televiziyasında tamaşaçıların yaddaşlarında daha çox iz buraxan verilişlərlə bağlı məlumatları təqdim edirik:
Ailələr və talelər verilişi:
Qeyd olunan veriliş AzTv ekranlarında fasiləsiz olaraq 10 il yayımlanıb. Verilişdə əsasən sosial problemlərdən,aparıcıya ünvanlanan məktubların oxunmasından, itkin düşmüş şəxslərin axtarışından və digər maraqlı mövzulardan bəhs olunurdu.Verilişin müəllifi və aparıcısı Nailə İslamzadə verilişin belə uzun ömürlü olması barədə danışarkən qeyd edirdi:
- Zənnimcə, bu verilişin sevilməsinə və uzunömürlü olmasına səbəb gerçəkləri doğru dürüst əks etməsi, insanların çətin vəziyyətdən çıxması üçün yolların axtarılması, hər bir qaranlığın mənəvi dəyərlərin işığında nura çevrilməsi idi. Ümummilli liderimiz Heydər Əliyev hələ 1997-ci ilin oktyabr ayında gənc yazarlarla goruşündə “Ailələr, talelər” verilişində qaldırılan məsələlərin cəmiyyətin mənəvi saflığı üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdi. O zaman Milli Məclisdə ailə haqqında məcəllə müzakirə olunanda belə bu verilişə istinad edilmişdi. Mən bu verilişə çox zəhmət qoymuşam. Həm ssenarisini yazır, həm insanlarla görüşür, yüzlərlə məktubları oxuyur, texniki problemləri ilə məşgul olur, eyni zamanda aparıcılıq edirdim. Yəni qrup halında işləmirdik və mənə çox əziyyət düşürdü. Bununla belə mən yorulmaq bilmədən verilişi necə maraqlı etmək barədə durmadan düşünürdüm. Ona gorə də uzunömürlü oldu...
«Gəl, səhərim» verilişi.
Veriliş musiqili, publisistik və informasiya xarakterlidir, tariximizi, milli-mənəvi dəyərlərimizi təbliğ edir, yeniliklərdən soraq verir.
“Gəl səhərim”in «Şəxsiyyətlər», «Türkün özü, xalqın gözü», «Köhnə, təzə Bakı», «Öz dilimdir, şirin dil», «Qonaq otağı», «Yeni nəşrlər», «Bölgələrimizin gülüş boğçası», «Bir mahnının tarixçəsi», «Şəkər bala, bal bala» və başqa rubrikaları dinləyicilərə xoş səhər ovqatı aşılayır.
Bundan başqa, «Səhər»in yaradıcı heyəti efirə 15 adda veriliş təqdim edir. «Gəzdim Azərbaycanı», «Vətən yaşasın», «Səngərə məktub», «Hərb tariximizdən», «İgidnamə», «Mən əsgər olanda», «Azərbaycan əsgəri» verilişlərinin məqsədi, qayəsi Vətən sevgisi, vətənpərvərlikdir. «Qum saatı», «Gecə döyülən qapılar», «Tarix pıçıldayan məkanlar», «Yaddaşlara yazılsın»proqramları da kəşməkəşli tariximizin müxtəlif dövrlərinə işıq salır, qaranlıq səhifələrin üzə çıxarılmasına xidmət edir.
"Dalğa" proqramı:
Telejurnalist İlqar Əlfioğlunun Azərbaycan tamaşaçısının sevimlisinə çevirdiyi "Dalğa" proqramını o zaman hər ailə həvəslə gözləyirdi. Dövlət televiziyasının quru efir məkanına sanki canlılıq gətirən "Dalğa" o vaxtın tamaşaçısı üçün əsl möcüzə idi. İnsanlar yeni eşitdiyi, müəmma dolu bilgilər haqqında öyrənməyə can atır, onları nisbətən fərqli formatda tamaşaçılara təqdim edirdi. İlqar Əlfioğlu müəllif və aparıcısı olduğu veriliş haqqında Modern.az-a bunları deyib:
"1987-ci il, dekabrın 28-də təqdimat proqramı oldu. 1988-1991-ci illər arasında hər həftənin cümə günləri, "Vremya" xəbərlər proqramından sonra efirə çıxır, təkrarı bazar günləri səhər saatlarında olurdu. Proqram 1991-ci ilin noyabr ayında, o zamankı sədr Məmməd Muradın əmri ilə bağlandı, işçilər ixtisara salındılar.
Toxunmadığı problem yox idi. Nədən desən, danışa bilirdik və bizə təzyiq etmək də mümkün deyildi. Zəmanə özü buna imkan yaratmışdı. O vaxtadək yasaq olan bütün mövzuları işıqlandırırdıq.
"Dalğa" yeganə veriliş idi ki, efirə çıxanda küçələrdə adam qalmırdı. Onun efir vaxtı Moskvadan məşhur "Vzqlyad" proqramı gedirdi. Təxminən iki aydan sonra bizdə "Dalğa" daha populyar oldu. Deyə bilərəm ki, ömrü boyu Azərbaycan dilində verilişə baxmamış Bakı rusdilliləri dilimizi elə bizim proqrama baxmaq üçün öyrəndilər. Yaradıcı heyət 4 qrupdan ibarət idi. Adlarını xatırlayaq: Aparıcılar - Osman Mirzəyev, Nadejda İsmayılova, Yusif Bağırov, Çingiz Kərimov, Nüsrət Kəsəmənli, Məti Osmanoğlu, İlqar Qasımov; rejissorlar - Vasif Babayev, Şahin Əlibəyli, Məhərrəm Bədirzadə, Akif Salamov və digərləri; redaktorlar - Sədrəddin Bədirxanov, Mülatif Adurov, Çingiz Kərimov və digərləri... Unutduqlarım oldusa, üzrlü sayın. Nüsrət Kəsəmənlinin "Dalğa"nı aparmasını, yəqin, çoxları unudublar. Amma 1988-ci ildə mən xəstələndim, üç ay işə çıxa bilmədim, Nüsrət rəhmətlik məni əvəz etdi..."
"Sən bir nəğmə"
AzTV-nin ən məşhur musiqili proqramlarından biri də "Sən bir nəğmə" verilişi olub.Aparıcısı Ceyran Rəhimova olan proqramda müğənnilərin musiqi bazası, savadı və daha çox mahnı bilməsi yoxlanılıb.Verilişdən maraqlı kadrları təqdim edirik:
Məmməd Aslanın AzTV-də hazırladığı "Dərədən-təpədən" verilişi ilə böyük tamaşaçı sevgisi qazanmışdı.
Savalan baba kimi tanıdığımız görkəmli aktyor Sadıq Hüseynovun apardığı veriliş uşaqlar üçün böyük maraq doğururdu.
«Səhər» musiqi-informasiya proqramı
«Səhər» musiqi-informasiya proqramı 1995-ci ildən efirdədir. Bu proqram səhər saat 8:15-dən 11:00-a kimi canlı yayımlanır. Müxtəlif illərdə bir-birindən maraqlı mövzuları əhatə edən fərqli rubrikaların yer aldığı “Səhər” proqramı hal-hazırda “Sənət söhbətləri”, “Ekspertiza”, “ Elmi xəbər”, “Animasiya”, “Dünya şəhərləri”, “Adalar”, “Xəbəriniz olsun”, “Afişa”, “Daşlar”, “Heyvanlar aləmi”, “ “Dünya möcüzələri”, “Bizim Bakı”, “İxtiralar”, “Premyera”, “Kinoxəbər”, “Şou-biznes xəbərləri”, “Dünya ulduzları”, “Sənət söhbətləri”,”Retro”, “Həftənin mədəniyyət yekunları”, “Kino məkanlar”, “Soundtrack”, “Qeyri-adi yerlər”, “Dəblə geyin”, “Sağlam böyüdək”, “Bacarıqlı əllər ”, “Bir mahnı”, “Operalar”, “Qəsrlər”, “Güllərə qulluq”, “Dünyada nələr olmur” kimi rəngarəng rubrikalarla tamaşaçıların görüşünə gəlir.
Teleməkanımızdakı digər səhər proqramlarının yaranmasına təkan verən bu verilişdə ən son xəbərlər işıqlandırılır, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri çıxış edir, günün aktual mövzularına, hadisələrinə münasibət bildirirlər. Proqram boyu həmçinin hava haqqında məlumat, eləcə də yol hərəkəti qaydaları barədə maarifləndirici materiallar verilir. «Səhər» proqramının yaradıcı heyəti öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə almağa çalışır. Redaksiyanın baş redaktoru Nəcibə Əlixanova, baş rejissoru Araz Sultanovdur.
Hazırladı: Miri Məcidli
Femida.az
Oxu24.com
ŞƏRHLƏR