"Azəriqaz" İB-nin yaydığı rəsmi məlumata görə, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.
Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.Qeyd edək ki, ərazidən keçən qaz xətləri uzun illər baxımsız qaldığından xətlər tamamilə sıradan çıxıb.
Qarlı havaya və çətin relyefə baxmayaraq, "Azəriqaz" əməkdaşları qaz xəttində bərpa işləri aparıblar. Qeyd edək ki, Azərbaycan qəzalı vəziyyətə düşmüş qaz kəmərini bərpa edib və sabahdan "Qazprom Armeniya" Ermənistandan həmin əraziyə qaz nəqlinə başlaya biləcək.
Deputat Cavid Osmanov APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycanın Ermənistandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinə - Xankəndi və digər ətraf yaşayış məntəqələrinə qaz nəqlinə şərait yaratması növbəti humanizm göstəricisidir.
"Xankəndi və digər ətraf yaşayış məntəqələrimizdəki erməni vətəndaşlarımız Azərbaycanın bu humanist jestini düzgün qiymətləndirməlidir. Bu gün ağır sosial-iqtisadi durumda olan, səfalət və işsizliklə üzləşən erməni vətəndaşlarımızın da zaman keçdikcə Azərbaycan dövlətinin, xalqının niyyətini daha aydın başa düşəcəyi məlumdur. O zaman isə bu gün Qarabağın digər bölgələri kimi Xankəndi və digər ətraf yaşayış məntəqələrimizi də cənnətə çevirəcəyik" (Sitatın sonu)
Deputat bildirib ki, həmin vaxt qaz təchizatı yenidən qurulacaq, Azərbaycan mavi yanacağından bu vətəndaşlarımız da istifadə edəcək.
ŞƏRHLƏR