Aleksey və Veronikanın nikahı
"Bizim hekayəmizdə iki romantik evlilik təklifi olub: birinci təklifi payızda Gürcüstanda Veronika etdi, ikinci təklifi isə Lvovdan Kiyevə gedərkən mən Veronikaya etdim. Üzük əvəzinə brelokdan istifadə etmişik", - deyə Aleksey söyləyib.
Kastus Kalinovski adına batalyonda onların evlənmək istəyini dəstəkləyiblər və toyun təşkili edilməsində kömək ediblər. Məsələyə məsuliyyətlə yanaşılıb: Aleksey və Veronikanın toyu ərəfəsində hətta onların niyyətlərinin ciddiliyinə əmin olan keşişlə görüş də təşkil ediblər. Ayin özü yunan-katolik kilsəsinin kapellanı tərəfindən icra olunub. Kilsədəki mərasimdən sonra döyüş yoldaçları yeni evlənənlər üçün kiçik bir spirtsiz içkili furşet təşkil ediblər, amma buna baxmayaraq tədbir çox əyləncəli keçib.
"Hamı bizi təbrik edirdi, bizə çoxlu şirniyyat və döşək verdilər, amma döşək bu günə qədər bizə lazımlı olmayıb - biz müxtəlif yerlərdə yaşayırıq. Amma eybi yox", - deyə Veronika danışıb. Yeni evlənənlər etiraf ediblər ki, onlar üçün planlar qurmaq çətindir, çünki, müharibənin nə qədər davam edəcəyi və onların haralarda ola biləcəkləri məlum deyil. Buna baxmayaraq, Veronika arzulayır ki, yayda Alekseylə bal ayını Odessada keçirsinlər.
"Hər mühazirədə bir-birimizin baxışlarını tuturduq"
Martın 14-də Dneprdə polis əməkdaşları Boqdan Brusenko və Anjelika Krasilnikovanın nikahı olub. "Biz 2019-cu ildə Dnepropetrovsk Dövlət Daxili İşlər Universitetinin hüquq-mühafizə fakültəsində oxuyarkən tanış olmuşuq. Biz qiyabi təhsil alırdıq, nadir hallarda bir-birimizi görürdük, amma hər mühazirədə bir-birimizin baxışlarını tuturduq. 2020-ci ilin yayından birlikdəyik”, - deyə Anjelika söyləyib.
Boqdan və Anjelikanın nikahı Patrul Polis İdarəsinin rəisi tərəfindən qeydə alınıb
Qızın dediyinə görə, gələcək əri 2021-ci il yanvarın 1-nə keçən gecə ona evlilik təklifi edib. Anjelika xidmətdə olub və Boqdan hər şeyi əvvəlcədən təşkil edərək 101 ədəd qızılgül alaraq onun yanına gəlib. Cütlük 2022-ci ilin may ayında evlənməyi planlaşdırırmış. Anjelikanın dediyinə görə, ailəsi və dostları ilə brlikdə adi bir toy etmək istəyirdilər, lakin indiki vəziyyətdə münasibətləri mümkün qədər tez qanuniləşdirməyə qərar verdilər.
Onların nikahı Patrul Polis İdarəsinin rəisi Yevgeni Jukov tərəfindən qeydə alınıb, sənəd isə cütlüyün rəisləri təntənəli şəkildə yeni evlənənlərə təhvil veriblər. Mərasimdə yalnız həmkarları iştirak etsələr də, Anjelika əmindir ki, bu, lap onların həyat tərzlərinə uyğun gələn ən yaxşı toydur.
"Mən deyə bilmərəm ki, toydan sonra nəsə köklü şəkildə dəyişib, bizi daha çox müharibə dəyişib. Biz əlimizdə olanı, qohumlarımızı və bir-birimizi dəyərləndirməyə başlamışıq. Məsuliyyətimiz artıb. Ən vacibi duruş gətirməkdir. Ən böyük arzum əzizlərimi qucaqlamaqdır. Müharibədən sonra ilk işimiz bu olacaq. Əsas ailədir”, - deyə qız fikirlərini bölüşüb.
“Məni nikah masasına batalyon komandirinin müavini apardı”
"Bizim evliliyimiz bir növ amulet oldu. İnanıram ki, o, məni, ərimi, ailəmi düşmənlərdən, ölümdən və yaralanmaqdan qoruyacaq", - deyə Lesya Filimonova bildirib. Martın 6-da Kiyev yaxınlığındakı sərhədlərdən birində onun Valeri Filimonovla toyu baş tutub. Valeri və Lesya iyirmi ildən artıqdır ki, birlikdədirlər, lakin münasibətlərini rəsmi olaraq yalnız indi qeydə alıblar: əvvəlcə birlikdə işləyirdilər və bəzi şirkətlərdə həmkarlar arasında nikah heç də birmənalı qarşılanmır. Daha sonra isə müxtəlif səbəblərdən toy hər dəfə təxirə salınırdı.
Valeri və Lesya. Ön cəbhədə toy
Lesya ixtisasca maliyyəçidir, lakin son vaxtlarda Kiyevdə Milli skaut təşkilatında işləyib, Valeri isə İT şirkətinin icraçı direktorudur. Müharibənin başlamasına on saat qalmış hər ikisi ərazi müdafiə qüvvələri ilə müqavilə bağlayıblar. Valeri və Lesya eyni bölmədə xidmət edirlər, lakin fərqli yerlərdədirlər, bir-birlərini nadir hallarda görürlər, ünsiyyət əsasən messencerlər vasitəsilə olur.
"Bir dəfə çox ağır gün oldu. Həqiqətən də qorxulu idi. Mən ərimə yazdım ki, bəlkə indi evlənmək vaxtıdır, çünki sabah nə olacağını heç kim bilmir. Bundan əlavə, qızımız da bizim nikahımızın qeydə alınmasını çox istəyirdi. Valeri mənə dedi ki, o da eyni şey haqqında düşünürmüş", - deyə Lesya bildirib.
O, döyüş yoldaşlarının onların ömür boyu xatırlayacaqları bir toy təşkil edəcəklərini gözləmirmiş. "Təhlükəsizlik baxımından son ana qədər mərasimin dəqiq vaxtını və yerini bilmirdim. Gələndə jurnalistlərin izdihamı məni təəccübləndirdi, Vitali və Vladimir Kliçko qardaşları da orada idi. Bu mənim üçün böyük sürpriz oldu. Batalyon komandirinin müavini məni nikah masasına aparanda kənarlarda silahlı və kamuflyaj geyinmiş, üzləri örtülü döyüş yoldaşlarım dayanmışdı və onlar ayaqlarımızın altına qızılgül ləçəkləri səpəndə çox təsirləndim. Az qala ağlayacaqdım. Mərasimdən sonra isə drondan səpilən qızılgül ləçəkləri qar yağışı kimi yerə tökülürdü”, - deyə Lesya xatırlayır.
Müharibədən sonra Valeri və Lesya qızları ilə istirahətə getməyi və evlərini tikib başa çatdırmağı planlaşdırırlar.
ŞƏRHLƏR