Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65218
az

Ramiz Mehdiyevin “yaylım atəşi”nə sərt cavablar - “Boz kardinal” çətin durumda

10:1912 Fevral, 2022
493
ÖZƏL BÖLÜM
  • A

AMEA prezidenti Ramiz Mehdiyevin onu tənqid edənlərə “yaylım atəşi açması” ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. “Boz kardinal” kimə gəldi dil uzadıb, deputatları təhqir edib, hökumətlə dialoqa gedən siyasi partiyaları “cib müxalifəti” adlandırıb. Bir sözlə, R.Mehdiyev vaxtilə təmsil olunduğu hakim komanda başda olmaqla, hər kəsə savaş açıb, sərt mesajlar ünvanlayıb.

O həm də özünün qurulmasında yaxından iştirak etdiyi sistemi söküb-dağıtmağa, zədələməyə həvəsli görünür. Görünən odur ki, “Boz kardinal” dirənməyə davam edəcək. Acınacaqlı və gülməli durum da odur ki, R.Mehdiyev ölkə müxalifətində yer alanları “cib müxalifəti” adlandırır. Onun bu açıqlamaları hakimiyyət komandasının öz daxilində, həmçinin iqtidara yaxın şəxslərdə daha çox etiraz doğurub.

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Akademiya rəhbərliyi öz siyasətinə, fəaliyyətinə yenidən baxmalıdır”

YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında AMEA-nı öz siyasətində dəyişikliklər etməyə çağırdı: “Təəssüflər olsun ki, son günlərdə AMEA ətrafında çox ciddi müzakirələr aparılır. Bu gün əslində daha çox müzakirə aparılası məsələ elmin inkişafıdır, Qarabağ zəfərimizdən sonrakı tarixlə bağlı müzakirələr aparılması daha vacibdir. Amma təəssüf edirəm ki, bu gün biz müzakirələrin əks istiqamətdə getdiyini görürük. Akademiya sistemində ciddi böhran yaşanır. Artıq Azərbaycanın bir çox ziyalıları bu məsələyə öz etirazını bildirib, mövqeyini ifadə edib. Tələb ondan ibarətdir ki, akademiyanın rəhbərliyi dəyişdirilməlidir.

Bütün bunların fonunda Milli Məclisin ünvanına da ağır tənqidlər var, sərt ifadələrə yol verilir. Dirənişin göstərildiyinin şahidi oluruq. Xüsusilə, Milli Məclisin bir sıra deputatları haqqında xoşagəlməyən ifadələr işlədilir. Bütün bunlar yolverilməzdir. Milli Məclis Azərbaycanın qanunverici orqanıdır. Bu orqanın fəaliyyəti dövlət siyasətinə öz töhfəsini verir. Heç kim bu formada bu üslubdan istifadə edərək Milli Məclisin ünvanına belə fikirlər, təhdidlər səsləndirməməlidir. Bu Azərbaycan ziyalıları tərəfindən də xoş qarşılanmır. Ölkə ziyalılarının istəyi odur ki, Elmlər Akademiyası öz missiyasını uğurla davam etdirsin, Azərbaycan elminin inkişafına öz töhfəsini versin. Biz vəziyyətin fərqli məcrada keçdiyini görürük. Həqiqətən də xoşa gəlməyən istiqamətdə proseslər cərəyan edir. Bu kimi təhdidlərə, xəbərdarlıqlara son qoyulmalıdır. Hesab edirəm ki, akademiya rəhbərliyi öz siyasətinə, fəaliyyətinə yenidən baxmalıdır".

Ölkə müxalifətinin də mövqeyini aldıq.

 

Fuad Əliyev: “O başa düşməlidir ki, onun dövrü bitib, bununla razılaşmalıdır”

ALDP rəhbəri Fuad Əliyev bəzi ehtimallarını irəli sürdü: “Hörmətli Ramiz Mehdiyev bəzi müxalifət nümayəndələri və deputatlar haqqında nə deyibsə, düz deyib. Biz bunu deyəndə hardasa ehtimal edib deyirdik. Amma Ramiz müəllim nəyəsə əsaslanıb deyir. Nəyəsə deyəndə ki, özünün, vaxtı ilə Administrasiya rəhbəri olduğu dövrdə təyin etdiyi deputatları, ”cib müxalifəti" deyəndə isə AXCP və Müsavatı nəzərdə tutur. Digər partiyalar var ki, onlar hələ ki, gözləmə mövqeyindədirlər. Ramiz Mehdiyev bunları nəzərdə tutub. Bunlara deyir ki, “niyə mənim çörəyimi yemisiz, indi mənə qarşı çıxırsız?”. Bir az keçəndən sonra bu partiyalar ona siyasi dəstək verəcəklər. Necə ki, Əli İnsanova verdilər, indi də çalışırlar Eldar Həsənova bəraət qazandırsınlar. Ramiz Mehdiyevin yaratdığı şəbəkə hələ ki güclüdür. Hökumətdə, parlamentdə kifayət qədər onun təyin etdiyi adamları var. Ona görə də o müqavimət göstərir. Amma bütün bunlar boş seylərdir. O başa düşməlidir ki, onun dövrü bitib, bununla razılaşmalıdır. Öz istəyiylə istefaya getməlidir. Sivil ölkələrdə bunun yolu belədir. İkinci yol onun dövlət başçısının fərmanı ilə vəzifəsindən kənarlaşdırmaqdır. Fikrimcə, birincini seçsə daha düzgün olar. Hər şeyi vaxtında etmək lazımdır".

 

Rəşad Bayramov: “Bir nəfərin bütün cəmiyyətə meydan oxumasının cavabsız qalması...”

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov tutarlı arqumentlərlə “Boz kardinalı” ifşa etdi: “Əvvəla onu qeyd edim ki, AMEA-nın mətbuat xidməti adından yayılan məlum bəyanatın Ramiz Mehdiyevin diktəsi ilə və ya özü tərəfindən yazıldığı heç kimdə şübhə doğurmur. Birincisi ona görə ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumda mətbuat xidmətinin onun icazəsi olmadan bəyanatla çıxış etməsi mümkün deyil. İkincisi isə məlum bəyanatdan sonra Ramiz Mehdiyev həmin bəyanata münasibət bildirməyib və onun mövqeyini əks etdirməməklə bağlı hər hansı bir fikir səsləndirməyib. Sualınıza gəldikdə isə məlum bəyanatda təkcə müxalif siyasi partiyalar deyil, parlamentin deputatları da, AMEA-nın ayrı-ayrı İnstitut direktorları da, media təmsilçiləri də hədəf alınır. Amma bütün bunlarla yanaşı, bəyanat həm də mövcud hakimiyyəti hədəfə alır. Belə ki, öz fəaliyyətində dialoq yolunu tutmuş siyasi partiyaların ”cib müxalifəti" adlandırılması dolayısıyla həm də hakimiyyətin həyata keçirmək istədiyi yeni siyasi münasibətlərə balta vurmağa hesablanıb. Digər tərəfdən əgər sən müxalifətə “cib müxalifəti” deyərək ayrı-ayrı radikal qrupların leksikonunda istifadə etdiklər ifadəni təkrarlayırsansa, o zaman əslində kimlərlə bir sırada durduğunu da ortaya qoymuş olursan. Əgər bütün ömrünü dövlət idarətməsi sistemində keçirmiş və hal-hazırda da Dövlət Təhlükəsizlik Şurasının üzvü olan bir adam dialoq yolu ilə problemlərin həllini daha düzgün yol hesab edən partiyaları “cib müxalifəti” adlandırırsa, bu həmin müxalifətdən daha çox hakimiyyətin apardığı siyasətə qarşı çıxmaqdır və Ramiz Mehdiyev də bunu kifayət qədər yaxşı bilir.

Məlum bəyanatda Azərbaycanda parlamentinin təyinat yolu ilə formalaşması ilə bağlı da fikirlər yer alıb. Təbii ki, bu mövqe hər birimizin illər ərzində səsləndirdiyi mövqedir və həqiqətdir. Amma uzun illər ərində Prezident Aparatına rəhbərlik etmiş və seçkilərin saxtalaşdırılmasına birbaşa rəhbərlik etmiş bir şəxsin indi bu cür bəyanatla çıxış etməsi özünün qurduğu sistemi dağıtmaq istəyindən daha çox hakimiyyəti şantaj etmək məqsədi daşıyır. Elə bəyanatda yer almış və Ramiz Mehdiyevi haqlı olaraq tənqid edən insanlara xitabən “Şər-böhtan kampaniyasına davam edəcəkləri təqdirdə AMEA-nın kimlər tərəfindən bu cür acınacaqlı vəziyyətə salındığı açıq şəkildə qeyd olunacaq” ifadəsi özü də hədələmək cəhdidir və burada da hədəf yenə də hakimiyyətin özüdür. Daha konkret desək, bəyanatdan belə çıxır ki, bizlər Ramiz Mehdiyevə qarşı iddiaları sifarişli hesab edirik və sifarişin də hardan gəldiyini bilirik. Əgər doğurdan da belə bir sifariş varsa, demək ki, bu hakimiyyətin ən yuxarı eşalonlarından verilib və bəyanatda da konkret həmin şəxs və ya şəxslər şantaj olunur. Düşünürəm ki, hakimiyyət tərəfindən həm məlum bəyanat, həm də ümumiyyətlə uzun müddətdir ki, Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı iddialar ciddi şəkildə araşdırılmalı və onunla bağlı konkret addımlar atılmalıdır. Çünki bir nəfərin bütün cəmiyyətə meydan oxumasının cavabsız qalması hər şeydən öncə hakimiyyətin özü üçün yaxşı heç nə vəd etmir".

Sonda qeyd edək ki, R.Mehdiyevin əsas hədəf aldıqları deputatlardan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ona cavab verib. Konkret.az-a açıqlamasında Fəzail Ağamalı bildirib ki, Ramiz Mehdiyev günahlarını boynuna almaq, deyilənlərdən nəticə çıxarmaq və tanınmış alimlər tərəfindən səsləndirilən fikirlərə uyğun olaraq istefaya getmək əvəzinə dirəniş göstərir: “Onun haqqında həqiqəti söyləyənlərə müxtəlif böhtanlar atır və qərəzli mövqeyini ortaya qoyur. Təbii ki, hər kəsin özünü müdafiə etmək hüququ var və bu qəbul olunandır. Lakin AMEA mətbuat xidmətinin bu açıqlaması özünümüdafiə deyil, Mehdiyev haqqında həqiqəti deyənlərə qarşı olduqca ədalətsiz və qərəzli mövqedir. Mənim seçicilərimlə bağlı demiş olduğu fikirlər tamamilə yanlışdır. Məhz Ramiz Mehdiyevin himayəsi altında və tapşırığı əsasında mənə qarşı ciddi problemlər yaradılırdı. Mənim seçicilərimlə görüşümü süni şəkildə pozmağa çalışırdılar və bu məqsədlə Kamil Musəvini müdafiə edən insanlar təxribata cəhd göstərirdilər. Bizim təmkinli və səbirli davranışımız, eləcə də yüksək siyasi mədəniyyət ortaya qoymağımız nəticəsində onların planları pozuldu. Əslində orada qarşıdurma olmalı idi. Hətta Kamil Musəvinin söyüşləri də o zaman sosial şəbəkələrdə yayıldı. Əslində orada cinayət əməli var idi və buna görə cinayət işi də açıldı. Lakin mən o cinayət işinin dayandırılmasını xahiş etdim. Çünki orada radikal mövqeyə cəlb edilənlərin də bizim soydaşlarımız olduğunu düşündüm və xoşagəlməz vəziyyətin yaranmasını istəmədim. Seçki prosesinə və nəticələrinə görə mənim qalib gəlməyim mütləq idi”.

 

Fəzail Ağamalı əlavə edib ki, deyilənlər hamısı böhtan və qərəzlidir: “Hər halda mən AMEA-da çalışan insanların ortaya qoymuş olduğu faktlar əsasında fikrimi söyləmişəm. Əsas fikrim şəxsən tanıdığım və fəaliyyətində ciddi uğurlara imza atan, eləcə də Azərbaycan tarixinə töhfələr verən Kərim Şükürovla bağlı idi. Kərim Şükürova qarşı olan ədalətsiz mövqe məni bir vətəndaş kimi narahat etdi. Ona görə də öz mövqeyimi, fikrimi bildirdim və onun yanında oldum. Bundan peşman deyiləm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü