Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutduqdan sonra mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib.
Bu barədə oXU24.COM-A Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.
Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Oxu24.com
ŞƏRHLƏR