Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər.
Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib. Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.
İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
ŞƏRHLƏR