"Bu, Xudavəng monastrını 5-ci ziyarətimizdir. Artıq müqəddəs bayramlar olanda buraya gəlirik. Bu gün Pasxa bayramı ilə əlaqədar monastrı ziyarət etdik".
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu sözləri bu gün Kəlbəcərdə Xudavəng monastrını ziyarət edən Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili deyib:
"Bu ziyarətdə bizim icmadan başqa Azərbaycanda fəaliyyət göstərən başqa xristian icmalarının nümayəndələri də iştirak edirlər. Həmçinin Azərbaycan Bibliya Cəmiyyətinin üzvləri də buradadırlar. Hamımız birlikdə dualar elədik. Şükür ki, biz bu bayramı Qarabağda, işğaldan azad olunan Kəlbəcərdə qeyd edirik. Dualarımızda hər zaman şəhidlərimizi yad edirik. Onlara Allahdan rəhmət diləyirik. Dualarımızda Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinə, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik ki, bizə bu cür şərait yaradıb. Monastrda dualarımızı həm Azərbaycan dilində, həm rus dilində, həm də qədim alban dilinə oxuduq".
Qeyd edək ki, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.
Oxu24.com
ŞƏRHLƏR