Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Oqtay Quliyev vəfat edib.
Oxu24.com xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, O.Quliyev 1938-ci ildə Ağdamda anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini öyrədiblər. Müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib.
Burada məşhur sənət xadimlərindən xalq artisti, professor Səid Rüstəmov və xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib.
Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alıb, sonrakı illərdə dirijorluq sahəsində püxtələşib və həmin sinifi müvəffəqiyyətlə bitirib. Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb.
1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O.Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edib. 1969-cu ildən konservatriyada işləməyə dəvət alıb.
Tar tədrisi üzrə yazdığı metodik tövsiyələr, proqramlar, tərtib etdiyi not məcmuələri qiymətli vəsait kimi istifadə olunurlar.
Respublikada peşəkar tar ifaçıları və müəllimlərindən ilk dissertasiya müdafiə edən məhz O.Quliyev olub. O, yaxşı mütəxəssis kimi Türkiyəyə dəvət olunmuş, 1994-2003-cü illərdə Trabzonun məşhur Qara Dəniz Texniki Universitetində professor vəzifəsində çalışıb. Burada musiqi fakultəsində ilk dəfə tar sinfi açıb, peşəkar tar ifaçıları yetişdirib, Azərbaycan tarının bu ölkədə geniş tədrisinə nail olub.
O.Quliyev SSRİ və Ümumdünya miqyaslı musiqi festivallarında iştirak edən və yüksək qələbə qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı adına layiq görülən ilk tar ifaçısıdır. O. Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir.
Oxu24.com
ŞƏRHLƏR