Aktyor Riad Sultanov Moderator.az-ın suallarını cavablandırıb.
- Riad bəy, istərdim özünüzü oxucularımızla daha yaxından tanış edəsiz.
- Məsələn, mənim vizit kartımda bir yazı var, amma rus dilindədir. Yazım, onu özünüz düzgün izah edərsiniz. "Mən düşündüyünüzdən də çoxam" (gülür).
- Bunu hansı mənada dediniz?
- Boyum balacadı deyə. Yəni boyum balaca olsa da böyüyəm.
- Boyunuza görə kompleks yaşamısız yaxud yaşayırsız?
- İlk məktəb illərində ətraf baxışlardan rahatsız olurdum, tədricən Allahın mənə verdiyi qaməti düzgün dəyərləndirib, narahatlıqdan uzaq oldum və bu günə qədər heç bir kompleks yoxdur.
- Riyad, siz həm də bir neçə məşhur əcnəbi aktyora bənzəyirsiz. Yəqin ki, özünüzün də bu haqda məlumatınız var?
- Ola bilməz ki, onlar mənə bənzəyirlər? (gülür). Əlbəttə ki, xarici dövlətlərdə məşhurlar içində mənim bənzərlərim var. Ford Boyard şousunun aparıcıları-Andre Bushe, Antoni Labord (Postam və Pospartu) və "Taxt oyunları" serialının məşhur aktyoru-Peter Hayden Dinkleydc.
- Məşhur aktyorlara bənzədiyinizə görə bu sənəti seçmisiz?
- Xeyr, uşağlıqdan məndə xüsusi bir istedad var idi, mən valideynlərimin əhvalını qaldırmaq üçün kimisə parodiya etməyə başlayırdım. Anam da mənə deyirdi ki, sən mütləq böyüyəndə aktyor olmalısan. Mən yenə də bilmirdim ki, aktyor olacaqam. Demək ki, qismətmiş.
- Ətrafdakı insanlar sizi necə qəbul edir?
- Bu hər dəfə fərqli olur. Bəzən böyüklərə, bəzən isə uşaqlara maraqlı gəlir. Uşaqlar yaxınlaşır, "sən niyə balacasan?" sualını verirlər. Mən də onlara öz başa düşəcəkləri dildə izah edirəm. Mənə türklər də yaxınlaşır.. "Abi, sən çox karizma yaa" deyirlər (gülür). Mən isə cavabında onlara deyirəm ki, nə karizma? Özümə güzgüdə baxanda qorxuram (gülür).
- Siz həm də Ford Boyard verilişinin qəhrəmanları ilə görüşmüsüz.. İstərdim bu görüşünüzdən
danışaq..
- Görüşümüz bir neçə il bundan əvvəl olub. Bir dostum mənə zəng etdi ki, sənin dostların gəliblər, Bakıdadır. Mən də qaldıqları otelin yerini öyrəndim və ora yollandım. Gördüm ki, bir çox tanınmış sənətçilər və adi insanlar da onları gözləyirlər. İndi bilmirəm necəsə olub hamı məni gördü. Camaat hamısı çıxışa tərəf, mənim üstümə gəldi. Müğənni Xəyyam Nisanov onlara dedi ki, ay camaat dayanın, bu bizim Riyaddır (gülür). Birtəhər yol tapıb onlarla görüşdüm. Pospartu Postama deyir ki, bax gör bu sənə necə oxşayır? Məni öpdü, mən də qarşılıq verdim. Xoş bir görüş idi.
- Ailə həyatı qurmusunuz?
- Bəli, 9 ildir ki, ailəliyəm.
- Həyat yoldaşınızla necə tanış olmusuz?
- Yoldaşımla təsadüf nəticəsində bir müəssisədə tanış olmuşam. Bu gün yeri gəlmişkən, ailə çərçivəsində 9 illiyimizi qeyd etdik.
- Adətən xanımların idealı hündürboy kişilər olur. Bəs o sizə hansı xüsusiyyətinizə görə "hə" deyib, seçdi?
- Təqdiri İlahi. Elə boyuma görə seçib məni və ilk gündən bu günki günə qədər deyir ki, böyüsən boşayacam (gülür). Sən mənim üçün ən ucaboy, ən enli kürək, ən layiqli geniş qəlbli kişisən.
- Övladınız varmı?
- Bəli, bir oğlum var idi Tahir adında, 3 yaşına saylı günlər qalmışdı. Günlərin bir günü səhər biz oyandıq yuxudan, elə bildik o yatır, adətən bizimlə bərabər oyanardı. Əfsuslar olsun ki, martın 27-si 2016 ildə bizim günümüz qaraya boyandı. Övladım yatdı, durmadı. Həkimlərin dediyinə görə, uşaqın zəkası, biliyi yaşından artıq olduğuna görə orqanizm beyinə tab gətirməyib.
Oxu24.com
ŞƏRHLƏR