Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından keçərək, şəhidlik zirvəsinə ucalan Vətən oğullarını unutmamalı, unutdurmamalıyıq.
Bu gün vətənini, torpağını öz canından üstün tutan şəhid gizir, kəşfiyyat tağımının komandiri Hüseyn Kamil oğlu Qasımovdan danışacığıq.
Hüseyn Kamil oğlu Qasımov 1984-cü il mayın 13-də Füzuli rayonu Qaraxanbəyli kəndində dünyaya gəlib. Doğulduğu kənd ermənilər tərəfindən işğal olunduqdan sonra dədəd-baba yurdundan köçkün düşən Hüseyn ailəsi ilə birgə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Orta məktəbi bitirdikdən sonra Ağcəbədi Pedoqoji Kollecində təhsil alıb. Amma kollecdəki təhsilini başa vurduqdan sonra müəllim deyil, hərbşi olub.
Vətən müharibəsində şəhid olmuş Hüseynin həyat yolu haqqında Modern.az-a xanımı Quba Qasımova danışıb.
“Hüseynlə 15 ildi ki ailəliyik, 14 yaşlı oğlumuz var. Həm həyat yoldaşı kimi, həm insan kimi əvəzolunmaz idi. Düzdür, onunla fəxr edirəm, amma yoxluğu mənə çox ağırdır. Hər gün ağlıya-ağlıya yolunu gözləyirəm. Elə bil ki, tək oğlunu yox, həm də məni yetim qoyub getdi. Mənə həm bacı, qardaş, ata, ana, həm də bir sirdaş olub.Hüseyn ailəsinə qarşı çox mehriban, qayğıkeş idi”.
“Torpaqlarımızı azad etmək ən böyük arzusu idi”
“Həmişə deyirdi ki, biz torpaqlarımızı azad etməsək, müharibə bizim övladlarımıza qalacaq. Həmişə doğulduğu el-obasının həsrətini çəkirdi. Torpaqlarımızı azad etmək ən böyük arzusu idi. Bu arzuya görə də 2011-ci ildən hərbçi olmağı qərara aldı. İlk vaxtlar Tərtər, Ağdam, Füzulidə xidmət etdikdən sonra Beyləqana gələrək, hərbi qulluğu Kəşfiyyat taborunda davam etdirdi. Verilən tapşırıqları layiqincə yerinə yetirdiyi üçün Kəşfiyyat tağımının komandiri oldu”.
Son görüş, son danışıq, son söz...
“Son dəfə oktyabrın 1-də danışdıq, oğluma zəng etmişdi, səsi yaxşı gəlirdi. Narahat olmamağımızı, hər şeyin yaxşı olduğunu dedi. Çox sevinirdi ki, torpaqlarımız düşmən əlindən azad olunur. Son sözü “Oğlum, mən şəhid olsam, idmanını davam etdir və ən tanınmış güləşçilərdən ol” dedi.
Müharibəyə gedəndə də mənə dedi ki, həyatdı, birdən şəhid olsa, oğlumuz idman yolundan qayıtmasın. Oğlunu, anasını mənə tapşırdı”.
“Oğluma da atasızlıq çətindir...”
“Yoldaşım müharibəyə getməzdən qabaq iki dənə bayraq aldı. Birini özü ilə apardı, digərini oğlumuza verdi ki, çempion olanda çiyninə atar.
Hüseynin ən böyük arzusu oğlumuzu idman üzrə dünya arenalarında Azərbaycan bayrağını dalğalandıran görmək idi.
Oğlum atası ilə bir-birilərinə çox bağlı idilər. Atasının yoxluğu ona da çətindir”.
8 yaşında çıxdığı doğma kəndini azad etdi...
“Hüseyn hərbi hissə komandiri ilə birgə öndə döyüşürdü. Yoldaşım arzusuna çatmışdı. Doğma torpağından didərgin düşdüyü Qaraxanbəyli kəndini də azad etdi. Oktyabrın 2-si səhər saatlarında Cəbrayıl uğrunda gedən döyüşlərdə mənfur düşmənin snayper gülləsindən şəhid olub”.
“Onsuz mənə çox çətindir...”
“Şəhid yoldaşı olaraq demək istiyirəm ki, Allah hər bir şəhid ailəsinə səbr versin. Bu ailələri görəndə həm onların, həm də öz halıma yanıram. Amma düşünmək lazımdır ki, şəhdilərə ən şərəfli ölüm nəsib olub. Onsuz mənə yaşamaq çox çətindir. Sanki həyatım onunla birgə sonlanıb”.
Hüseyin Qasımov ölümündən sonra “Vətən uğrunda” , "Hərbi xidmətə görə", “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub.
ŞƏRHLƏR