Aralıq dənizinin şərqindəki ona yaxın ölkə ilə üz-üzə qalan Türkiyənin Silahlı Qüvvələrindən kritik həmlə gəlib.
Oxu24.com xəbər verir ki, 140 il əvvəl iki sualtı gəmi ilə ilk dəfə dənizlərin altında fəaliyyətə başlayan Türk Donanması bu gün bölgəsindəki ən təsirli qüvvələrdən birinə çevrilir.
Yerli mətbuatın verdiyi məlumata görə, Türkiyə yeni “U 214” tipli sualtı döyüş gəmilərinin istehsalına başlayıb. Gələn ildən 2027-ci ilə qədər sualtı gəmilər bir-birinin ardınca dənizlərə buraxılacaq.
Yeni layihə 2011-ci il iyunun 22-də Almaniyanın “ThyssenKrupp” Dəniz Sistemləri Şirkəti və Türkiyə Müdafiə Sənayesi Nazirliyi arasında anlaşmanın imzalanmasından sonra qüvvəyə minib. Artıq layihə çərçivəsində “U 214” tipli sualtı gəmilərin istehsalına başlanıb.
Artıq sualtı gəmilərdən biri 2019-cu ilin dekabrında Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı bir mərasimdə müvəffəqiyyətlə dənizə buraxılıb. Həmin tədbirdə layihənin 5-ci sualtı gəmisi olan “Seydi Əli Rəis”in ilk qaynaq mərasimi keçirilib.
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən “Rəis tipli sualtılar” adlandırılan sualtı gəmilərin 80 faizi yerli texnologiyalarla istehsal olunur. 2.7 milyard dollarlıq layihə çərçivəsində 6 ədəd müasir sualtı gəmi 2027-ci ilə qədər tədricən Türk donanmasının inventarizasiyasına daxil ediləcək.
Türkiyə istehsalı gəmilər dünya miqyasında nüvə enerjisi ilə işləyən sualtı qayıqlardan sonra ən strateji sualtı gəmi kimi tanınır. Hidrogen yanacağı ilə işləyən sualtı gəmilər 21 gün ərzində su səthinə çıxmadan hərəkət edə bilər. Hərbi mütəxəssislər müharibə vaxtı gəminin səthə çıxmadan üç həftə gizlənməyin strateji xüsusiyyət olduğuna diqqət çəkirlər. (Telegraf)
Oxu24.com
ŞƏRHLƏR