Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edən, ilk dəfə Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar təyinat nöqtəsi olan Sian şəhərinə çatıb.
Oxu24.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC məlumat yayıb.
Bildirilib ki, qatar Türkiyədən Çinin Qazaxıstanla sərhədinə rekord müddətdə – 10 gün ərzində yetişib. Belə ki, dekabrın 6-sı saat 10:30-da Türkiyənin Köseköy stansiyasından tam yüklənərək yola çıxan qatar ayın 16-da Çinin Sincan Uyğur muxtar bölgəsindəki Xorqos quru limanına daxil olub. Bu da planlaşdırılan vaxtdan 2 sutka tez deməkdir.
Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı ümumilikdə 8 693 kilometr yol qət edib.
BTQ vasitəsilə, "Türkiyə Dövlət Dəmir Yolları"nın dəstəyi ilə İstanbuldan Siana yola salınmış qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "Pasifik Eurasia Logistics" (Türkiyə), "GR Logistics" (Gürcüstan), "ADY Konteyner" (Azərbaycan) və "KTZ Express" (Qazaxıstan) şirkətləridir. Qatar təyinat məntəqəsinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatıb.
Artıq Türkiyədən Çinə ikinci ixrac qatarının göndərilməsi istiqamətində növbəti sifariş daxil olub. 42 ədəd 40 futluq konteynerdən ibarət qatarın yaxın günlərdə yola salınacağı gözlənilir.
Həmçinin oxu: Azərbaycanda dəhşət! Hamilə qadını aparan təcili yardım "Kamaz"la toqquşdu - VİDEO
Oxu24.com
ŞƏRHLƏR