Bakının Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Zərərçəkən xanımın müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs təqib edilərək “isti” izlərlə yaxalanıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) təhvil verilən şübhəli şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu məlum olub.
Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkar edilərək götürülüb. Niyazi Fərəməzovun 5-ci PB-də ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Binəqədi rayonunda hündürmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub.
Niyazi Fərəməzov barəsində 5-ci PB-də toplanan materialları Binəqədi RPİ İstintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Həmçinin oxu: Rusiya təyyarələri Gəncə hava limanına endi - VİDEO
Oxu24.com
ŞƏRHLƏR