Sentyabrın 27-də əks-hücum əməliyyatlarında iştirakı zamanı yaralanan, hətta şəhid olduğu güman edilən 26 yaşlı müddətdən artıq hərbi qulluqçu İnqilab Qayıbovun üstündə gəzdirdiyi bayraq Suqovuşanda dalğalanır. Yaralı halda qana bulaşmış bayrağını əsgər yoldaşına verərək, “şəhid olsam məzarım üstümə sərərsiniz, əgər torpaqlar azad olunarsa, orada dalğalandırarsınız demişdi”.
Bərdə rayonunun Yenidaşkənd kəndindən olan İ.Qayıbov Azvision.az a bildirib ki, 2016-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb.
Qəhrəman döyüşçü bildirib:
“Sentyabrın 27-də əks hücum əməliyyatları başlayanada ilk hərəkətə keçən komandalardan biri biz idik. Biz əsas eşolonda vurulduq. Talış istiqamətində düşmənin əsas strateji yüksəkliklərindən birinə komandir və 4 nəfər daxil olmuşduq. Komandiri snayper vurduğu üçün biz özümüz irəlilədik. Qrupda ixtisasım kəşfiyyatçı snayper idi. Rəhmətlik Cahangirin silahı ilə ermənini vurduq. Yanımda Dadaşov Əjdər, Qurbanov Cahangir, Əzizov Ayşad idi. Mən qabaqda idim. Bu zaman RQD 5 əl qumbarası atdılar. Çöndüm uşaqların hansı məsafədə olduğuna baxım. Məndən 5 metr uzaqlıda idilər. "Qumabara atdılar" dedim. Onlar yatdı. Mən isə nə qaçmağa, nə də uzanmağa vaxt tapa bildim. Əlimi gözümə tutdum, qumbaranın bütün qəlpələri zirehli gödəkcə tutmayan yerlərə, əlimə, ayağıma doldu. Bunlar mənim üçün heç nə idi. Qan axsa da irəlilədim. Bu zaman bizə güllə atan erməni hərbçisini məhv etdim. Yoldaşlarım yanıma gəldi, yenidən irəliləyəmə hazırlaşırdıq. Avtomatın darağın dəyişdiyimiz zaman 82 mm-lik minaatanla olduğumuz yeri vurdular. Mən heç nə xatırlamıram. Yoldaşlarımın dediyinə görə, bu zaman tagımın aşağıda olan hissəsi toz çəkiləndən sonra yanımıza gəlib. Yanımdakı 3 döyüş yoldaşım şəhid olmuşdu. Mənim də öldüyümü zənn ediblər. Bizi qırağa qoyublar ki, tank vala girib irəliləsin.
Abbasov Əli deyirdi ki, “səni yoxladım, nəbzin vurmurdu”. Sağ boyundan sağ dizə qədər bütün sümük qəlpə olmuşdu. Sol əl, sol ayaq, sol topuq qəlpə idi. Bədənimdə 50-ə yaxın qəlpə var idi. Yarım saat belə qalmışam. Sonra ayıldım. Sağ tərəfimin su olduğunu zənn edirdim. Gördüm ilıqdır, baxdım ki, qandır. Sol çiynimin üstünə söykənərək qalxmağa çalışdım, o zaman aşmışam. Sonrası yadımda deyil. Məni heyət görüb. Abbaslı Cavidan adlı xidmət yoldaşım məni çiynində aparıb. Həmin vaxtı düşmən yenidən mərmi atanda məni yerə qoyub üstümə uzanıb ki, heç nə olmasın. Biz yoldaşlarımız üçün canımızı fəda edərdik. Ondan sonra ayılmışam. İlkin tibbi yardım gəstərildikdən sonra Qəzənfərov Tərlan məni 1500 metr çiynində öz mövqelərimizə aparmışdı. Oradan helikopterlə hərbi hospitala getdik”.
Həmişə xüsusi təyinatlı olmağa can atdığını deyən hərbçi şəhidlik zirvəsinə yüksəlmək arzusu ilə yaşadığını söyləyib.
"Qismət olmadı, qazi olaraq geri qayıtdım. Mənim böyük bayrağım var idi. Rəhmətlik bölük komandirim Hacıyev İsmət onu məndən istədi. Dedim ki, bunu istəmə, İnşallah arzuma çatım, zirvəyə asarıq, ya da bununla məni dəfn edərsiniz. İlk tibbi yardım göstəriləndə yanımda olan Məmmədli Fəridə bayrağı verdim ki, bunu götür. Bayraq qan idi, yerdə qalmasın. Sonradan həmin bayrağı Fərzəliyev İlkin Suqovuşanda hərbi hissənin üstündə asdı. Həmin videonu bayrağı verdiyim Fərid çəkmişdi. Kimin asmasından asılı olmayaraq, işğaldan azad olunan torpaqlarda Azərbaycan bayrağı dalğlanır. Bu, mənim üçün qürurvericidir”.
İ.Qayıbov 44 günlük döyüşlərdə başda həkimlərimiz olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edib.
“Hərbi hospitalda həkimlərin çəkdiyi əziyyət ananın balasına çəkdiyi qayğıdan az deyil. Biz əsgər kimi öz borcumuzu yerinə yetirdik. Bu, millətin qələbəsi idi. Bir ay müalicə aldım. Oktyabrın 27-i gələndə 20 gün mənə məzuniyyət verdilər. Amma qala bilmədim, oktyabrın 28-də qrupun yanına qalxdım.
İllərdir hər kəsin arzusu qələbəni yaşamaq idi. Biz bu torpaqda yaşayırıq, nəfəs alırıq, suyunu içirik, çörəyini yeyirik. Hamı Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Qardaşlarım var idi ki, yaralansalar da dayanmadan düşmənin üstünə gedirdi. Canımız, qanınımız bahasına olsa da torpaqları azad etməyi düşünürdük”.
Valideynlərinə məlumat vermədən döyüşlərə qatılan İ.Qayıbov övladlarını ailəsinə əmanət etdiyini deyib: “Mənim şəhid olmaq xəbərim gedəndə kənd camaatı artıq bizim evə axışırdı. Sonradan yaralı olmağın barədə ailəmə məlumat veriblər.
Müalicə aldığım 1 ay ərzində Azərbaycan Ordusunun qələbə xəbərlərini, Ali Baş Komandanın çıxışlarını izlədikcə elə sevinirdim ki, qışqırmaq istəyirdim. Axır ki, biz 90-cı illərdə xalqımızın yaşadığı o günlərin qisasını aldıq və torpaqlarımızı düşməndən azad etdik”.
Bu şəkildə ortadakı Qəzənfərov Tərlan özü yaralı olsa da döyüş meydanından yoldaşlarımızı çiynində kilometrlərlə məsafədə təxliyə edib. Bədənində hələ də qəlpələr qalır. Məmmədli Fərid qardaşımız isə bədənindəki qəlpələri özü çıxarırdı. tibbi müayinəyə getmədən son günə qədər döyüş meydanında qalıb.
ŞƏRHLƏR