Qismən səfərbər olunan insanlar arxalarındakı qayğılarını qoyub cəbhəyə yollanırlar. Vətəni, torpağı müdafiə etməyə, işğal altında olan rayonlarımızı azad etməyə. Qayğıları əbəs yerə qeyd eləmədim.Çoxlarının bank borcu, krediti var. Düzdü bəzi elektronika mağazaları borcların uzadılması barədə müştərilərə mesajlar göndərib. Amma hələlik banklardan bu təşəbbüsü görmürük. Bəs qanun nə deyir? Səfərbərliyə çağrılan şəxsin bank borcu necə ödənilməlidir?
ARB Xəbər komandası mövzu ilə bağlı araşdırma ediblər.
Əslində, orduya çağırılan bu şəxslərdən əmək müqaviləsilə çalışanların iş yeri və əmək haqqısı olduğu kimi saxlanılır, bunu qanun tələb edir. Əmək müqaviləsi olmayanları da hansısa işəgötürənin işdən kənarlaşdırılacağı, yaxud maaşını verməyəcəyi, hər kəsin birlik nümayiş etdirdiyi belə bir məqamda inandırıcı görünmür. Buna baxmayaraq hansı formada işini itirənlər də yəqin ki, var. Belə olduqda isə bank öhdəliyi olan şəxslər üçün qayğı yaranmış olur. Bəs qanunvericilik bu vəziyyətə necə yanaşır? Ekspertlər deyir ki, bu hal qanunla nəzərdə tutulmayıb. Bu səbəbdən həmin insanların kredit öhdəlikləri ilə bağlı müəyyən bir mexanizm hazırlanmalı və müştəri ilə kredit verən arasında bağlanan müqavilələrdə dəyişiklik edilməlidir.
Rəşad Həsənov – İqtisadçı: “Kommersiya bankları koorporativ sosial məsuliyyət çərçivəsində ümumilli bir problem kimi yanaşmalıdırlar və həmin şəxslərin kreditləri ilə bağlı əllərindən gələn köməyi etməlidirlər. Hər bir kommersiya bankı bununla bağlı həmrəylik nümayiş etrirərək faktiki olaraq öz dəstəyini təklif edə bilər”.
Ekspertin sözlərinə görə problemin kökündən həlli üçün dövlət qurumları da aidiyyatı qərarlar qəbul edə bilər.
Rəşad Həsənov – İqtisadçı ekspert: “Məsələn, Mərkəzi Bank tərəfindən kommersiya banklarına güzəştli şərtlərlə mərkəzləşdirilmiş kreditlər verilə bilər”.
Söz yox, bu təkliflərlə vəziyyəti müəyyən qədər tənzimləmək olar. Amma ekspertlərin irəli sürdüyü digər bir təklif cəmiyyətin özünün bir fond yaratmasıdır. İctimai qurumların da nəzarəti altında toplanmış məbləğ sayəsində həmin borclar bağlana, yaxud müəyyən qismi ödənilə bilər.
Sahib Məmmədov – Hüquqşünas: “Bəziləri işləyir, iş yerində əmək haqqısı qalır ama işləməyənlər qeyri-formal əmək bazarında işləyirdi, günəmuzd işləyirdi qazanc əldə edirdi ama bu qazanc rəsmi deyildi. Bunlarla bağlı açıq qalan məsələlər var. Mən hesab edirəm ki, bununla bağlı hərbi vəziyyət dövrü üçün xüsusi qanun qəbul edilməlidir. Sırf bu şəxslərin,onların ailəsinin sosial təminatını təmin etmək üçün”.
Mərkəzi bank və kommersiya təşkilatlarının, eləcə də digər aidiyyatı qurumların hazırda davam edən vəziyyəti nəzərə alaraq müəyyən addımlar atacağına inanırıq. Çünki vətəni qorumağa yollanan əsgər əlavə qayğı barədə düşünməməlidi.
Oxu24.com
ŞƏRHLƏR