Vətənimizə, əsgərlərimizə dəstəyini əsirgəməyən həmvətənlərimizdən biri də İtaliyada fəaliyyət göstərən kardioloq Bahar Milanodur.
Bahar xanım Publika.az-a açıqlamasında italiyalıların Azərbaycana qərəzli münasibətindən də danışıb.
O bildirib ki, hər kəs kimi o da bu qürurlu, tarixi günlərdə vətəni üçün dua edir:
"İnanın, yuxum ərşə çəkilib. Təəssüf ki, İtaliya erməni yönümlü dövlətdir. Hər dəfə burada yaşayan insanlarla ünsiyyətdən sonra bu qənaətə gəlirəm ki, özlərinə sərf etdiyi kimi düşünmək istəyirlər. Hətta həkim yoldaşlarım ölkəmizdə müharibə başladığı üçün mənə narazılıqlarını bildirirlər. Mənimlə çalışan həkimlərdən biri serbdir. Erməni dostu var. Təbii ki, öz seçimidir. Lakin bu qızğın müharibə günlərində sosial hesabındakı paylaşımı məni özümdən çıxardı. Həmin erməni dostu sosial hesabından müraciət ünvanlayır. Ermənistan xəritəsini paylaşır. Xəritədə Tovuz da Ermənistan ərazisi kimi göstərilirdi. Erməni rica edirdi ki, hamı qondarma xəritəni öz sosial hesabında paylaşıb, "böyük" Ermənistan ərazisini tanısın. Burada tək olduğum üçün bir az çətinlik çəkirəm. Növbə ilə xəstəxanadakı iş yoldaşlarıma xəritənin də, tarixin də, baş verənlərin də əsl üzünü göstərməyə çalışdım. Dəfələrlə izah edirəm ki, 30 illik savaşın qurbanı bizik. Hazırda gedən müharibə isə itirdiyi ərazisini azad etməyə çalışan Azərbaycanın öz torpaqlarında gedir. Cahil ermənilərin sözü ilə ərazimizi danan insanlar minlərlədir. Əlavə etdim ki, bu illər ərzində istər nüfuzlu ölkələrin, istərsə də beynəlxalq təşkilatların ikiüzlü mövqelərinə alışmışıq. Lakin ortadakı gerçəyi, tarixi dəyişmək mümkün deyil. Bunu hamı bilsin ki, torpaqlarımız işğaldan azad olmayınca, durmayacağıq".
İtaliyanın pandemiya dönəmi ilə Azərbaycanın haqq müharibəsini müqyisə edən kardioloq, bu ölkənin koronavirusla tənha mübarizəsini bizim Qarabağ uğrunda savaşımıza bənzədir:
"Təbii ki, həqiqəti bilən ziyalı təbəqə də var. Lakin çox azdırlar. Bu günlərdə məndə təəssüf hissi yaradan amillərdən biri də odur ki, təbliğatıma dəstək olanlar çox azdır. Bu müharibə həm də informasiya savaşı platformasında irəliləməlidir. Erməni fırıldaqçılarının saxta xəritə fotoları paylaşıldığı halda, biz Qarabağ həqiqətlərinin təbliğatına göz yummamalıyıq. Bu gün birlik zamanıdır. Əlimdən gələni etməyə çalışıram ki, Milanda yaşayan azərbaycanlılarla birgə qətnamə hazırlayıb, Avropa Birliyinə təqdim edək. Prezidentimizin yanında olduğumuzu, torpaqlarımızdakı erməni terrorçularına qarşı son qanımızadək vuruşacağımızı bildirək. Çətinliklə də olsa, buna nail olmaq istərdim".
"Bəli, mən İtaliyada yaşayıram. Amma bura mənim ölkəm ola bilməz. Bu gün vətənimiz od tutub yanır. Birlik olub, əlimizdən gələni etməyə çalışmalıyıq. Nəinki İtaliyada, bütün dünyada yaşayan azərbaycanlılara müraciət edirəm. Biz də bu dövlətin əsgəriyik. Öz işimizlə Vətənin yanında oduğumuzu sübuta yetirməliyik. Ölkə başçımızın dəyərli çıxışlarını ingilis və digər dillərə çevrilmiş titrlarla yayımlamalıyıq ki, haqq səsimizi daha böyük auditoriyaya çatdıraq", - deyə Bahar Milano bildirib.
Leyla Sarabi
Oxu24.com
ŞƏRHLƏR