2017-ci ilin oktyabrın 24-də həbsdən azad edilən, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov dünən Türkiyənin Antalya şəhərində güllələnərək qətlə yetirilib.
22 ilini məhbəs divarları arasında keçirmiş bir avtoriteti, kriminal aləmə mənsub şəxsi, əlbəttə, mülki cəmiyyətdə sakit güzəran, dinc həyat gözləmədiyi hələ o, həbsdən azad olunan dövrdə söz-söhbətlər dolaşırdı.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, “Sabirabadlı Hikmət”lə “Lotu Quli”nin düşmənçiliyi ötən əsrin sonlarından məhbəs divarları arasından başlayıb. Gəzən söz-söhbətlərə görə, həmin dövrdə eyni cəzaçəkmə müəssisəsində məhbəs həyatı yaşayan “Lotu Quli” Hikmət Muxtarova əl qaldırıb. “Lotu Quli”nin bu hərəkəti kriminal aləmdə normal qarşılanmayıb.
Kriminal aləmin böyük savaşları...
Həmin vaxtdan kriminal aləmin əfsanələri kimi tanınan bu şəxslərin, həmçinin tərəfdarları arasında böyük savaşların başlandığı qeyd olunur. Kriminal aləmdə bu tanınmış şəxslər iki qüvvəyə çevrilib və bir-biri ilə mübarizə aparmağa başlayıblar.
“Lotu Quli”nin kriminal aləmdə ən böyük düşməni olan “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınan Hikmət Muxtarov 2006-cı ildə Moskavada qətlə yetirilib.
“Sabirabadlı Hikmət” qətlə yetirilən dövrdə “Lotu Quli”nin Bakıda ağır cinayət işləri üzrə mühakiməsi gedirdi. “Sabirabadlı Hikmət” qətlə yetiriləndən sonra “Lotu Quli” ilə Hikmət Muxtarovun davamçısı olan Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyev arasında “müharibə” başlayıb.
“Rövşən Lənkəranski” və “Lotu Quli”ni kimlər qətlə yetirib?
Uzun sürən davadan sonra “Rövşən Lənkəranski” 2016-cı ilin avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.
Bu qətl hadisəsindən bir il iki ay sonra, yəni oktyabrın 24-də “Lotu Quli” həbsdən azad edilir. “Lotu Quli” həbsdən çıxandan sonra əvvəllər yaşadığı Gürcüstan və Rusiyaya getmir. O, dərhal yaşadığı yerin Türkiyə olacağını seçir və bu ölkəyə üz tutur.
Əsasən Türkiyədə yaşayan “Lotu Quli” bir çox ölkələrə səfər etsə də, yenidən Azərbaycana qayıtmır. O, 4 il azadlıqda yaşadıqdan sonra Türkiyənin Antaliya şəhərində odlu silahdan açılan atəş nəticəsində öldürülür.
“Rövşən Lənkəranski” və “Lotu Quli”nin öldürüldüyü il başqa olsa da, günlər ardıcıldır. Hətta qətl hadisəsinin baş verməsi də oxşardır.
Belə ki, “Rövşən Lənkəranski”ni vuran şəxs onun yaxın adamı, dostu olub. “Lotu Quli”ni də qətlə yetirən ona yaxın olan dostu Xan Əhmədlinskidir.
Belə çıxır ki, kriminal aləmdə başlayan savaşlar bu iki şəxsi öz dostlarının əli ilə qətlə yetirib ortadan yox ediblər. Bu hadisələrin baş vermə tarixinin ardıcıl olması sanki hansısa qisasın alınmasına işarə edir.
“Lotu Quli” həbsdən azad olunanda nə baş verib?
Teleqraf.com bir daha xatırladır ki, Nadir Səlifov 2017-ci il oktyabrın 24-də Qaradağ rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Məhkəmə rəhbəri Sədrəddin Hacıyevin şəxsən özünün sədrliyi ilə baş tutan iclasda Nadir Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.
Maraqlıdır ki, Nadir Səlifov iclasda iştirak etməyib. Qapalı prosesdə vəsatət təmin edilib. Məhkumun qalan cəzası şərti cəza ilə əvəzlənib və Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində qapılar bu dəfə məhz Lotu Quli üçün açılıb-bağlanıb...
Daha bir diqqət çəkən məqam: Lotu Quli həbsdən azad edilməmişdən bir gün əvvəl ona yaxınlığı ilə seçilən Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədov etap zamanı müəmmalı şəkildə həbsdən qaçırlar. Hər iki məhkumun qaçışından bir gün sonra Lotu Qulinin 22 illik məhbəs həyatı azadlıqla əvəzlənir və onun əvvəlcə Tiflisə, oradan da İstanbula getdiyi haqda məlumat yayılır.
Bununla belə, iddia olunur ki, Lotu Quli Rusiyada məskunlaşacaq və bu ölkədə yenidən kriminal aləmdə öz yerini tutacaq. Xüsusilə bazarlara nəzarəti ələ alacağı ehtimal olunur.
Rövşən Lənkəranski qətlə yetiriləndən sonra bu sahədə boşluq əmələ gəlib və həmin sahəyə nəzarət etməyə çalışanlar olub.
Lotunun ilk addımları...
Lotu Qulinin adı ilə bağlı ötən illərdə çoxsaylı cinayətlər var. İlk dəfə 1995-ci ildə həbs edilən Nadir Səlifov (Lotu Quli) qətldə ittiham olunub. 90-cı illərin əvvəllərindən həbsdə olan Nadir Səlifov əvvəlcə “Batya” və “Lotu Bəxtiyar” ləqəbli Bəxtiyar Kərimovun, sonra isə “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınmış Hikmət Muxtarovun adamı kimi tanınıb.
Kriminal aləmin bu iki tanınmış simasının ətrafında gəzən Nadir Səlifov avtoritetlər sırasında yüksəlməyə başlayıb.
Amma həbsxanada olan zaman Lotu Quli ilə Hikmət Muxtarov arasında mübahisə düşür. Həbsxanada mübahisə zamanı Quli Sabirabadlı Hikmətə əl qaldırır. Bundan sonra avtoritetlər arasında fikir ayrılığı yaranır. Hikmət Muxtarovla kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyev tərəfdarları, qarşı cəbhədə isə Lotu Quli, Otari Bədəlov və “Ded Xasan” ləqəbli Aslan Usoyan birləşir. Sonradan Ded Xasanla da Lotu Qulinin yolları ayrılır.
Quliyə rəqib olan avtoritetlər onun lotuluqdan məhrum edilməsi ilə bağlı “sxodka” keçirirlər. Qanunsuz toplantıda Nadir Səlifovun adının əlindən alınması ilə bağlı qərar verilir. Bundan sonra kriminal aləmdə böyük savaş başlayır.
“Quli” sözünün özəl mənası
Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli, cəsarətli olduğuna görə verib. Quli Marneulidə doğulan azərbaycanlı, “Otar” ləqəbi ilə tanınan Otari Bədəlovla yaxın dost olub. Otarın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barında naməlum şəxslər tərəfindən güllələnməsindən sonra Rövşən Lənkəranskiyə oğru adı verən Nardaranlı Mirseymur da qətlə yetirilir. Bununla avtoritetlər arasında qanlı mübarizə daha da genişlənir.
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il azadlıqdan məhrum edilən Qulinin vəkillərinin sözlərinə görə, o, həbs ediləndə Gürcüstanda verilmiş SSRİ pasportunu daşıyıb. Belə çıxır ki, Quli həbsxanada olduğu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.
Qulinin həbs müddətinin azaldığı bir vaxtda, 2005-ci ildə onun qardaşı Müşfiq Səlifov həbs ediblər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi Müşfiq Səlifovun üstündən rəsmi məlumata görə, tapança tapılmışdı. O, həmin il universitetin sonuncu kursunda oxuyurdu, toya hazırlaşırdı, hətta həbs olunanda nişanlısının bəzi cehizləri də avtomobilində idi.
Müşfiq Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında “qiyama cəhd” baş verdi. Bu işdə rəsmilər nədənsə Qulini günahkar tuturdular.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. Quliyə və bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələbinə görə ittiham irəli sürüldü. Quli bu maddələri sonadək qondarma, onun “oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, ittihamı qətiyyətlə rədd edirdi.
2 gün sonra isə boksçu Fariz Məmmədovun maşınından silah tapılır və o da həbs edilir. Beləliklə, arasında Müşfiq Səlifovun da olduğu dəstə ilə bağlı yeni cinayət işi başlanır. Müşfiqin telefonunda nömrələri olan qızlar “Bandotdel”ə çağırılır, onların hamısı zərərçəkmiş kimi təqdim olunurlar. Həmçinin Müşfiqin ailəvi dostu olan “İnterqrant” türk restoranının sahibini də zərərçəkmiş qismində dindirirlər. Müşfiq isə türk vətəndaşını əvvəldən tanıyırdı. O, 2 il Türkiyədə oxumuşdu.
Daha sonra isə Quli istintaqa cəlb olundu. Qulinin bildirdiyinə görə, başqa zonlarda üsyan (“bunt”) olandan sonra fevral ayında onu türmədən götürüblər. Bu zaman həmin türmənin dustaqları da “bunt” ediblər.
Həmin vaxt Qulini əvvəl Bayıla gətiriblər, sonra rəsmi orqanlar bəyan etdi ki, “Anadolu” və “İnterqrant” kafesində zorlama faktları qeydə alınıb. Daha sonra üzləşmə aparıldı, xalq artisti Arif Quliyevin gəlini bu işdə zərərçəkmiş kimi tanındı.
Lotu Quli: “Mənim öz ideyam var”
2005-ci il oktyabrın 14-də Lotu Qulinin məhkəmədə dediyi son sözdən bəzi seçmələri təqdim edirik:
“Siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik... Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur, mən düzəm. Mən bu gün Azərbaycanda yeganə “qanuni oğru”yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil.
Mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqon”um olub. Və hər şey də bundan sonra başlayıb. Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Bir daha deyirəm, mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik...”
2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində Quli zorlama maddəsi ilə bağlı bəraət aldı. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi.
Həmin ildən Quli 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə aparıldı. O, içəridə olduğu müddətdə cəzaçəkmə müəssisəsindən kənarda da oğru aləmini idarə etməyə başladı.
Lotu Quli ilə savaşda məğlub olanlardan biri də Hikmət Muxtarov olur. Sabirabadlı Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektində qətlə yetirildi. O, ofisdən çıxıb binanın yanında duran “Mersedes-500” markalı maşınına minmək istərkən qatillər ona avtomat və tapançadan atəş açdılar.
Bundan sonra Lotu Quli ilə Rövşən Lənkəranski arasında dava daha da qızışdı. Rövşən Lənkəranskinin İlqar adlı killeri ilə bir vaxtlar Lotu Qulinin yaxın ətrafına daxil olan nüfuzlu kriminal avtoritet Sabirabadlı Hikmət arasında telefon danışıqlarının audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə Rövşən Lənkəranski özü Kiyevdə saxlanmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.
Lotu Quliyə sui-qəsd planı niyə alınmadı?
Məlum olur ki, həmin dövrdə Lotu Qulinin cəza çəkdiyi türmədə öldürülməsi planını Rövşən Lənkəranski klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. İlqar Lotu Quli ilə eyni həbsxanada cəza çəkən Hikmət adlı şəxslə hansısa yolla yaxın münasibət qurub. Daha sonra Lotu Qulini həbsxanada öldürmək üçün inanılmış adam tapdığını Rövşən Lənkəranskiyə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib.
Hikmət Lotu Qulinin klanına mənsub olsa da, ondan narazıymış, bu səbəbdən avtoritetin aradan götürülməsi üçün verilmiş sifarişi yerinə yetirməyə hazır olduğunu bildirib. Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib. Anlaşmaya əsasən, əvvəlcə pulun 100 min dolları Hikmətə (o, həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər dəyişib, pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi qoyulub.
Lotu Qulinin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin dekabrında bir neçə telefon danışığında müzakirə ediblər. Həmin vaxt Rövşən Lənkəranskinin adamı Rusiyadan Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb, Lotu Qulinin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.
Hikmət cəzaçəkmə müəssisəsində “Avropa təmirli” kamerada tək qalan Lotu Qulini zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə yaxınlığından istifadə edib, onun kamerasına girməliydi. Sifarişin şərtlərinə əsasən, Rövşən Lənkəranski Hikməti öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılmasına çalışacaqdı.
Telefon danışıqlarında İlqarla Hikmət Rövşən Lənkəranskinin Azərbaycana ekstradisiyası və onun “oğru” adından məhrum edildiyi barədə Ded Xasanın çıxardığı hökmdən də danışırlar. Habelə telefon söhbətlərindən birində İlqar Lotu Qulinin yaxın adamı, Oleq Bakinski kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyini söyləyir.
Belə məlum olur ki, İlqar Lotu Qulinin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutur, evdə axtarış aparılır.
Habelə Hikmətin qaldığı “zon”da “şmon” olur. Bu uğursuzluğa baxmayaraq, tərəflər yenə də planı müzakirə edirlər və Hikmət qarşı tərəfi sifarişi yerinə yetirəcəyinə tam arxayın salır. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının Rövşən Lənkəranski tərəfindən veriləcəyinə tam əmin olmaq istəyir.
Ancaq plan baş tutmur, çox güman ki, Lotu Quli həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri tutur və zəhərləmə əməliyyatı alınmır. Söhbətlərdən məlum olur ki, həmin vaxtlar Lotu Quli özü də “gec-tez Rövşənin başını yeyəcəyi” haqda danışıb.
Lotu Qulinin “hökmü oxunub” və ya yeni savaş
2016-cı ildə Rövşən Lənkəranski İstanbul şəhərində öldürülür. Bu qətlin sifrişçiləri sırasında Lotu Qulinin də adı tez-tez hallanırdı.
Bu illər ərzində həm Quliyə yaxın olan, həm də ona qarşı çıxan “qanuni oğru”lardan öldürülən və dünyasını dəyişənlər olub. Mirseymur Abdullayevi (Nardaranlı Mirseymur), Hikmət Muxtarovu (Sabirabadlı Hikmət) və Rövşən Lənkəranskini yada salmaq kifayətdir.
Qulinin də itkiləri az olmayıb. Onun tərəfdarları arasında Otari Bədəlov (Otar), Baxış Əliyev (Vaxa) və Dadaş İbrahimov (Novxanılı) amansız savaşın qurbanı olublar. Məmməd Hüseynovun (Masallı Mamed) həbsxanada dünyasını dəyişməsindən, Lənkəranskinin isə öldürülməsindən sonra Quli heç şübhəsiz, Azərbaycanda ən önə çıxıb.
Düzdür, sağ qalan “qanuni oğru”lar sırasında kriminal aləmdə kifayət qədər tanınanlardan Yunus Yasamalski və Arif Sumqayıtskinin adlarını çəkə bilərik. Amma Lotu Quli Azərbaycanda yeganə “qanuni oğru” kimi həm öndə, həm də hədəfdə idi.
Bir neçə ay əvvəl Dato Ağcabədinski adı ilə tanınan qanuni oğru Cavid Məmmədov Lotu Quliyə qarşı müharibə elan edib. Cavidi qüdrətli yunan oğru klanı da, eyni zamanda qanuni oğru Dato Kutaissiki, Laşi Djeladze (Raça) və Zaza Ambroladze də dəstəkləyir.
Bu yolla Nadir Səlifovun yaxın adamlarına təzyiq edilir. Müxalifət nümayəndələri Qulinin yaxınlarını güllələyir, iş adamlarını isə döyürlər. Əvvəlcə düşünülürdü ki, Qulinin vaxtı ilə qulağını kəsdiyi Rafiq Masallinski üsyanın lideridir.
Reallıqda isə Quliyə qarşı müharibəni Cavid Məmmədov başladıb. Dato Ağcabədinski müxalif oğruların bütün fəaliyyətini nizamlayır. Deyilənə görə, o, digər klanlarla da danışıqlar apararaq birgə silahlı əməliyyatlar hazırlayır.
Məsələn, bu yaxınlarda Cavid “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba ilə telefon danışığı aparıb. Pıza Abxaziyada 1 nömrəli qanuni oğrudur və Nadir Səlifovla münaqişəsi var.
Bu yaxınlarda Qulinin üç nümayəndəsi Rəşad İsmayılov, Niko Qarinski və Roma Stavropolski Pızanı Abxaziyada döyməyə cəhd ediblər. Nəticədə Pıza atəş açaraq Rəşad və Nikonu yaralayıb.
Bütün bunları sadalamaqla Lotu Qulini qarşıda amansız və qanlı savaş gözlədiyini deməyə əsas var idi. Söhbət kriminal aləmin “razborka”sından gedir. Bütün bu “razborka”ların sonunda növbəti dəfə kriminal aləm daha bir tanınmış simasını, “Lotu Quli”ni itirdi.
Oxu24.com
ŞƏRHLƏR