Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanılaraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.
Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.
Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.
ŞƏRHLƏR