Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36499
az

Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO

18:5629 İyul, 2020
905
MÜSAHİBƏ
  • A

Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən.

Generalmızın yadigarı, bəlkə də onu hamıdan yaxşı tanıyan ömür yoldaşı Ofelya xanımla həmsöhbət olduq. Dildə deyil, əməlində qoruduğu, sevdiyi Vətən boyda Polad bəyi yenidən xatırladıq.

Oxu24.com publika.az-a istinadən şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimovanın müsahibəsini təqdim edir.

- Ofelya xanım, generalımızın şəhidlik zirvəsinə ucaldığını eşidən kimi informasiya vasitələri onun haqqında xəbərlər paylaşmağa başladı. Haqqında nə fotolar, nə də dolğun məlumata rast gəldik...

- Poladın sağlığında nə vikipediyada, nə sosial şəbəkələrdə, nə də digər saytlarda haqqında məlumata rast gələrdiniz. Tutaq ki, gecədən hansısa informasiya vasitəsi haqqında məlumat paylaşırdı. Ertəsi gün zəng vurub, öncə minnətdarlığını bildirər, sonra da deyərdi ki, yazını silin, qələbə günü paylaşarsınız. Mən də onun yolu ilə getməyə çalışıram. İstəyirəm ki, hər şey onun ürəyincə olsun.

- Hər ikinizin siması nurludur. Bir-birinizə o qədər bənzəyirsiniz ki... Xarakteriniz də bənzəyirdi?

- Doğrudur, çox bənzəyirik. Həm də Poladla birgə yaşadıqca, sanki eyniləşirdik, ona oxşamağa başlayırdım. O, lider təbiətli insan idi. Ağıllı, polad iradəli idi. Özünü o qədər inkişaf etdirmişdi ki, hər sahədə bacarığı vardı, və təsirinə düşməmək mümkünsüz idi. Hər sahənin bilicisi idi... Dadlı yeməklər hazırlayırdı. Elmə, təhsilə dərin maraq göstərirdi. Hərb sahəsində oxumadığı ədəbiyyat yox idi. Evimizdə o qədər kitab var ki, bəzən qoymağa yer tapmırdıq. İncəsənətə, musiqiyə də marağı vardı. Hər şeydə olduğu kimi musiqinin də keyfiyyətlisinə önəm verirdi.

- Hansı musiqiləri daha çox dinləyirdi?

- Klassik əsərləri, xalq mahnılarımızı daha çox sevirdi. Mədəniyyət kanalında efirə gedən konsertləri izləyirdi. Özü internet isifadəçisi deyildi, uşaqlardan xahiş edirdi ki, Bethovenin əsərlərini tapıb ona dinlətsinlər. Özünü o qədər mükəmməlləşdirmiş insan idi ki, getdikcə sehrinə düşüb, Polad Həşimova çevrildim.

- Taleyimiz haqda dəqiq bildiyimiz bir proqnoz var - ölüm. Hərbçi ilə həyatını quran insan bu faktı daha real dərk edir. Lakin bilmək və yaşamaq tam fərqli ağrılardır. Əmin olun ki, yaşadığınız itki hamımızındır.

- Hərbçi xanımlarının beynində bir yaddaş yeri olur. Anlayırsan ki, həyat yoldaşının əsas amalı vətən uğrunda canından keçməkdir. Xüsusən də Poladın ailəsi üçün bu məqam gözlənilirdi. Çünki hər zaman ön cərgədə idi. Səngərdə vəziyyət gərginləşən kimi ilk sırada o gedirdi. Hamı geri dönsə də, o, gəlmirdi. Qəribədir ki, son vaxtlar bunu durmadan mənə xatırladırdı. Onsuz da gözəl siması vardı. Amma sanki üzünə nur çökmüşdü. Tez-tez deyirdi, bir gün mən olmayacam. Özünü həmin günə hazırla. Lakin dediyiniz kimi düşünmək başqa, yaşamaq tam başqa...Və bir gün qapı açılır, hamı içəri girib bir ağızdan deyir: "Poladı gətiririk".

Biz ailə qurduğumuz gündən bəri heç vaxt ayrı qalmamışıq. Hansı hərbi hissəyə xidmətə yollansa, rayon, kənd, fərq etməz, məni də özü ilə aparıb. Hətta bəzən elə kənd oludu ki, mənə deyirdi, bax bu ərazidə səndən başqa heç kim yoxdur. O qədər gözəl qarşılıqlı münasibətimiz, sevgimiz, hörmətimiz vardı ki, bütün çətinliklərin öhdəsindən gəlirdik. Qarşımdakı insanın mərdliyinə heyranlığım heç vaxt imkan verməyib ki, yorulub rudan düşüm.

- Yəni Polad Vətənə ön cəbhədə, sizsə arxa cəbhədə xidmət etmisiniz...

- Uşaq vaxtından valideynlərimdən də eşidirdim ki, bir kişinin uğurlarında yanındakı qadının da rolu var. Bakı Dövlət Univerisitetinin riyaziyyat-informatika ixtisası üzrə bakalavr və magistr təhsili almışam. Təhsilimi bitirəndən sonra universitetdə qalıb çalışmaq arzusunda idim. Lakin Poladla tanış olandan sonra anladım ki, belə güclü insanın yanında özü kimi qadın olmalıdır. Yəni mən ondan uzaqda elmi fəaliyyətimlə məşğul olsam, yarım qalacaq. Əslində Polad üçün çox böyük işlər də görmürdüm. Amma ailəsindən güc alırdı. Bizim bir ənənəmiz vardı. Axşamlar çay süfrəsi ətrafında toplaşırdıq. Özü də çayı balaca oğlumuz Teymura dəmlədirdi. Övladları ilə gözəl zaman keçirdirdi. Hər dəfə evdən çıxıb cəbhəyə yollananda, o qədər enerjili, xoşbəxt gedirdi ki, indi dərk edirəm ki, yəqin biz onu xoşbəxt edə bilirdik. Bilirsiniz, Polad o qədər gözəl həyat yoldaşı idi ki, sanki mən onunla 17 yox 77 il birgə yaşamışam.

- Necə tanış olmuşdunuz?

- Bu sualı bizə verəndə, həmişə gülümsəyib deyirdik, Polad Murov dağın başında, mənsə Universitet kitabxanasında... Necə tanış ola bilərdik?! Ailələrindən məni görüb bəyənmişdilər. Poladın 28 yaşı vardı, mənsə magistraturanın ikinci kursunda oxuyurdum. Hər ikimiz qərar verdik ki, öncə görüşüb danışmaq mütləqdir. Universitetin həyətinə gəldi. Gördüm ki, üzü nurlu, çox ədəbli isandır. Bir saata yaxın danışdıq, gözünü qaldırıb, üzümə baxmadı. Amma hərbçilərə məxsus məxfilik, sirr vardı cümlələrində. Açıq şəkildə dedim, yəqin bizim münasibətimiz alınmayacaq. Çünki anlaşa bilməyəcəyik. Siz çox sirli danışırsınız. Gəlin, elə hərəmiz öz yolumuza qayıdaq. Poladdan ayrılıb, geri qayıdanda, gördüm arxamca gəlir.

"Yaxşı, bəlkə gedib, bir yerdə oturub söhbətimizə davam edək?"

Həmin məqamda anladım ki, qarşısında hərbçi olmadığının fərqinə varıb, və mənimlə münasibət qurmağı ürəkdən istəyir.

- Ailəniz hamımıza çox doğmadır, örnəkdir.

- Çox sağ olun. Ümumiyyətlə düşünürəm ki, ailə vacib şərtdir. Bu tarixən belə olub. Güclü ailə güclü cəmiyyət deməkdir. Güclü cəmiyyəti olan dövlət isə qüdrətlidir. Xüsusən də ailənin təməli qadındır. Sırf buna görə həmişə istəmişəm ki, qızlarımız təhsilli olsunlar. Şərt o deyil ki, universitet bitirsinlər. Qoy peşə məktəbində oxusunlar. Cəmiyyətdə özlərinə yer tuta bilsinlər. Halal qazancları olsun. Qadın nə qədər güclüdürsə, cəmiyyətə daha faydalı övlad bəxş də bilər. Hərbçi yoldaşları təsdiqləyər. Biz Poladla ən soyuq bölgələrimizdə taxta evvlərdə yaşamışıq. Mən hər şeyə tab gətirirdim. Çünki yanımdakı insanın vətən sevgisinə, mənəviyyatına əmin idim. Polad peşəsi üçün hər şeyindən imtina etmişdi. İnanın, özünə paltar almağa da qıymırdı. Övladlarımız böyüdükcə, təkid etməyə başladılar ki, ay ata, sən də özünə təzə paltar al. Daim hərbi formada, ayaqqabıları toz-palçıq içində qayıdardı səngərdən. Çox şərəfli yaşadı.

- Bizim təsəvvürümüzdə qüsursuz general modeli formalaşdırdı Polad Həşimov.

- Hər dəfə maaşını alıb gəlirdi evə. Aylıq qida ehtiyacımızın siyahısını tuturdum. Onları üçün pul ayırıb yerdə qalanını hərbi hissəyə aparırdı ki, əsgərlər üçün hamam tikirəm, yol çəkirəm. Deməyimə ehtiyac yoxdur, çünki hamı bilir. Mətbəxdə qab yuduğum vasitənı götürüb aparırdı ki, əsgərlərin əlləri yara olur. Qabları bununla yusunlar. Bir müddət Daşkəsəndə briqada komandiri oldu. Həmin bölgə çox soyuq olur. Paltarı yuyurduq, bəlkə aylarla qurumurdu. Amma yun köynəklərinin hamısını əsgərlərinə payladığı üçün cəmi bir geyimi qalırdı. Bəzən qurumayanda da o soyuqda lap nazik geyinib gedirdi. Uzunboğaz çəkmələri su içində olurdu, amma ikinci cütü olmadığına görə yaş ayaqqabı geyinirdı. Çünki hamısını əsgərlərinə paylayırdı. Polad xalqın sevgisini rütbəsi ilə yox, bu cəhətlərinə görə qazanmışdı. Hətta ona verilən evi şəhid ailəsinə hədiyyə etdiyini də ölümündən sonra öyrəndik. Bizim illər boyu arzumuz vardı ki, maaşlarımızı toplayıb ev alaq. Bu evi də kreditlə almışdıq. Amma məni sıxıntıdan uzaq tutmaq üçün ev xərclərimiz haqda danışmırdı. Bir yandan da əsgərlərini düşünürdü.

- 3 övladınız var?

- Bəli. Bir qızımız, iki oğlumuz.

Ad - 00:14
ƏTRAFLI
Azerxeberler
- Yəqin ki, övladları ilə də xüsusi münasibət qurmağa nail olmuşdu?

-Əlbəttə. Bilirsiniz, ideal insan yoxdur. Amma o zirvəyə doğru ucalanlar var. Çox yanımızda olmasa da, sanki nəfəsi üstümüzdə idi. Bəzən Bakıya gedirdi. Uzaq məsafədən yenə qayğımıza qalırdı, problemlərimizi həll edirdi. Övladları ilə ən çox ünsiyyətdə olan atalardan idi. Hər birinə öz xarakterlərinə uyğun yanaşırdı. Qızım Aybənizin 16 yaşı var. Bəlkə ilk övladımızdır ona görə, amma onu xüsusi sevirdi. 1 yaş yarımlıq vaxtlarından ona kitablar alırdı. Aybəniz 3 yaşına çatanda, artıq əlifbanı əzbər bilirdi. Yaşıdı kimi söhbətləşirdi, müzakirələr edirdi. Hamısı birgə elmi yarışma proqramlarına baxırdılar. Evdə olduğu zamanını yalnız bizə, övladlarına həsr edirdi. İnanın, bunu Poladı tərifləmək naminə demirəm. Amma elə bir cəhəti yox idi ki, biz ondan yarıçmıq qalaq. Mən sağlığında Polad haqda danışmamışam. Amma indi xatırladıqca bir daha onun mükəmməl insan, ailə başçısı olduğunu özüm üçün təsdiqləyirəm. Sanki itirəndən sora daha yaxşı tanımağa başladım. Deyirdi, ağlama, başını dik tut həmişə. Çalışıram ağlamayım, amma əldə deyil.

- Ofelya xanım, heç bir anlıq da olsa, fikrinizdən keçibmi ki, kaş Polad bütün bu xüsusiyyətlərini qoruyaraq tam başqa, daha təhlükəsiz sahədə çalışardı.

- Heç vaxt olmayıb belə bir şey. Yeni evlənmişdik. Atası da ağır xəstə idi. Dedim, Polad, valideynlərinin də sənə ehtiyacı var. Bəlkə Sumqayıta qayıdaq? Başqa iş taparsan, amma onların da yanında olarsan. Bu insan işi ilə nəfəs alırdı. Vaxt keçdikcə anladım ki, Poladın seçiminə müdaxilə etmək olmaz. Ümumiyyətlə insanları sevdikləri peşədən ayırmaq, buna səy göstərmək doğru deyil. Ondan sonra özümə söz verdim ki, bir də bu mövzuya toxunmayacam. Poladın yanında olum, öz vəzifəmi yerinə yetirim, o, özü hər şeyin öhdəsindən gələcək. Amma əminəm ki, hansı sahədə çalışsaydı, yenə vicdanla, qüsursuz yerinə yetirəcəkdi. Elə şəfalı əlləri, gözəl nitq qabiliyyəti vardı ki, xəstəni sözlə sağaldırdı.

- Təbii ki, məxfilik generalımızın əsas iş prinsipi idi. Amma elə bir itkisi, acısı olmuşdu ki, gəlib evdə bölüşsün?

- Heç vaxt danışmazdı. İşin problemləri də, ağrıları da evin kəndarında qalırdı. Girişindən, duruşundan anlayırdım ki, bu gün üzülüb, pis hadisə baş verib. Ümumiyyətlə evimiz onun üçün çox müqəddəs idi. Bəli dostları çox idi, amma hər kəsi evə dəvət etməzdi. Amma xatırlayıram ki, atasının ölümü Poladı çox sarsıtmışdı. Həmin gün onu ilk və son dəfə ağlayan gördüm. Poladgil ailədə 4 uşaqdırlar. Uşaqlıqdan həm dəcəl, həm də şirin olduğu üçün atası onu xüsusi sevib. Hətta anası danışır ki, müəllimləri onu harda görsələr, öpərmişlər. Balaca oğlum Teymur da bu cəhətdə atasına bənzəyib.

Aprel döyüşlərini də xatırladım. Poladın gözü önündə döyüş yoldaşları, əsgərləri ölmüşdü. Bizə bildirməsə də, içində qopan fırtınanı görürdüm. Çalışırdım elə mən də səssizcə ona dəstək olum. Sirli insan idi. Onu çözmək mümkün deyildi. Amma dediyim kimi, işdə nə yaşasa da, evin qapısından ata kimi, həyat yoldaşı kimi girirdi. Birgə mətbəxə keçirdik. Hətta bir neçə yeməyi bişirməyi mənə Polad öyrətmişdi. Mən xəstə olanda əvəlikli umaclı şorba bişirdi. Bəzən qohumlar, dostlar deyirdilər ki, Polad evdə heç gülür? İnanın o mənim üçün dediyim kimi yemək də hazırlayırdı, çay da dəmləyirdi, evimizi də şənləndirirdi.

- Qarşımızdakı insan, xüsusən doğmamız nə qədər qüsursuz olsa da, mütləq bizə görə yanlış bir cəhəti var. Polad Həşimovda nəyi dəyişmək istəyirdiniz?

- Özünə heç qıymırdı. Xahiş edirdik, təkid edirdik ki, yeni geyimlər alsın. Cəmi bir cüt alıb kifayətlənirdi. Evə gəlib paltarlarını yığırdı ki, ehtiyacı olan əsgərlərə aparıram. Günlərin bir günü evə gəldi. Mətbəxdən eşidirəm ki, yanında kimsə var. "Əladır, yaxşıdır, geyin, get", deyir. Qonağı yola salandan sonra deyirəm, Polad, kim idi gələn? Deyir, iş yoldaşımdır, imkansız yaşlı kişidir. Axşam toya gedəcək. Kostyumumu ona verdim ki, geyinsin. İnanın, heç özü o kostyumu bir dəfə geyinməmişdi. O qədər müdrik, uzaqgörən idi ki, ani doğru qərar verməyi bacarırdı. Həmin dəqiqə üçün qərarı mənə bir az yanlış gələ bilərdi. Amma bir müddət keçəndən sonra anlayırdım ki, yerində və doğru addım atıb. Özünə qarşı xəsislik etsə də, bizim ehtiyaclarımızı imkan daxilində qarşılayırdı.

- Həyatınıza, seçimlərinizə müdaxiləsini hiss edirdiniz?

- Polad heç vaxt qarşısındakı insanı sıxmırdı, özündən aşağı görmürdü. Mən də kimin xanımı olduğumu dərk edirdim. Sevmədiyi bir hal olanda üzümüzə vurmurdu. Başqa bir nümunədə göstərirdi ki, bu doğru deyil. Biz də boynumuza düşəni anlayırdıq ki, demək belə etsək xoşuna gəlməz. Evdə olmağı çox sevirdi. Harasa gedəndə, deyirdi ev daha gözəldi. Anlayırdıq ki, evdə olmağa daha çox üstünlük verir. Amma imkan tapdıqca bizi təbiətə gəzməyə aparırdı. Allahın yaratdıqlarını, təbiətin rənglərini belə sevdirirdi uşaqlarımıza. Sözə yox əmələ üstünlük verirdi. Bir dəfə uşaqlara dedi ki, Bəxtiyar Vahabzadənin Bayraq şeiri çox gözəldir. Bir cümlə bəs etdi ki, uşaqlar bu şeiri əzbərləsinlər. Çünki, bildilər, ata üçün xoş olacaq. Vətəni tarixlə, qəhrəmanlarımız haqda söhbətlərlə sevdirirdi övladlarına.

- Generalımızın mərhəməti, mərdliyi haqda sıravi insanlar arasında əfsanələr dolaşır. Amma nə qədər humanist olsaq da, kiminləsə ünsiyyətdən qaça bilərik. Polad bəyin qarşısındakı insanda sevmədiyi cəhət nə idi?

- Bilirsiniz, hərbçilərin bir andı var. Vətən torpağı üzərində gəzən vətəndaş kim olursa-olsun onu qorumaq, sağlığını təmin etmək vacibdir. Bəlkə də deyəcəksiniz ki, həyat yoldaşımı aliləşdirirəm. Polad həqiqətən hər kəslə gözəl ünsiyyət qurmağı bacarırdı. Elə mehriban, səmimi münasibət göstəriirdi ki, qarşısındakı insan buna layiq olmağa çalışırdı. Amma biz onun insanlığından yola çıxırdıq. Məsələn bu insan bəlli situasiyada özünə xas reaksiya verdi. Polad belə reaksiya verərdimi? Veməzdi. Sırf bu yolla təxmin edirdik.

- Ofelya xanım, Polad Həşimovun şəhidlik xəbəri hamımız üçün faciə oldu. Gözlənilməz idi.

- Sizə bir məqamı deyəcəm. Aprel savaşında evə daha tez-tez gəlirdi. Sanki ürəyinə nə isə dammışdı. Mən də hiss edirdim ki, narahatdır. Amma heç nə demirdi. Sırf bu hadisə qəflətən baş verdi. 29 iyunda bizi Şəmkirdən Qəbələyə yola salırdı. Əşyaları maşına yüklədi. Bizimlə sağollaşdı, maşının yola çxmağını gözləmədən korpusa geri qayıtdı. Bu mənim üçün çox qəribə oldu. Həyəcanla pəncərədən arxasınca baxdım. Çünki Polad heç vaxt belə etməzdi. Maşın gözdən itənədək arxamızca baxardı. Mən bu çətinliklərə alışmışdım. Bəzən 10 günlərlə əlaqə saxlaya bilmirdik. İş başında olurdu. Amma bu dəfə çox narahat oldum. 9 iyulda son dəfə danışdıq. 13 iyulda əlini telefona atır ki, bizimlə əlaqə saxlasın. Görür, telefon cibində deyil. İş yoldaşı deyir, o qədər məyus oldu ki, axı mən ailəmlə danışacaqdım. Yoldaşı telefonun təklif etsə də razılaşmır ki, öz telefonumdan zəng vuracam. Amma simasındaki dəhşəti mənə təsvir edəndə çox üzüldüm. Bəlkə də telefonu sönməsəydi, ölümündən öncə son dəfə danışa bilərdik.

- Ofelya xanım, bütün xalqımız sizin gözəl ailənizi sevir, rəğbət bəsləyir. Əminəm ki, bundan sonra övldalarınızı Polad Həşimova layiqli şəkildə böyüdəcəksiniz.

- Mən onun bütün həyat prinsiplərinə sadiq qalacam. Məncə Allah hər birimizə bütün duyğulardan bəxş edib. Onları inkişaf etdirmək bizim öz boynumuza düşür. Görünür, Polad özü də içindəki gözəllikləri daha çox qabartmışdı. Dini bayramlar yaxınlaşanda, toy-bayram içində olurdu. Həddən çox qurban kəsərdi. Üzündəki nur da imanından gəlirdi. Peyğəmbər əleyhissalamı çox sevirdi. Hətta yemək yeyəndə peyğəmbərimiz kimi boşqabı önündən başlayırdı ki, artıq yemək qalsa təmiz olsun ki, başqaları da yeyə bilsin. Polad məni yenidən yaratdı. Hər dəfə şüuraltıma hopdururdu ki, güclü olmalısan, dözümlü olmalısan. Cavab verirdim ki, məni güclü olmağa öyrətmə, dözümlü olmaq istəmirəm. Polad ömrünün 28 ilini hərbə həsr etmişdi, hətta elə ağır bölgələrə xidmət etmişdi ki, həmin yerlərdə 1 il 3 ilə bərabərdir. Belə çıxır ki, onun xidmət yaşı özündən böyükdür.

Yəqin xalqımız onun xatirəsini yaşadacaq. Bizə gələn gənc analara da deyirəm ki, övladlarınızın əlindən telefonları alın, evin bir divarına bayraq asın. Heç olmasa, bir neçə milli qəhrəmanımızın fotolarını divara düzün. Evin dizaynının dəyişəcəyindən ehtiyat etməyin. Ermənilər o qədər hiyləgər millətdir ki, bizim vətən sevgimiz önündə acizdirlər. Şəmkir məktəblərinin birində riyaziyyat müəlliməsi kimi çalışıram. Bir də şagirdlərimlə dərsdən çıxırdım. Hava yağışlı, palçıqlı idi. Gördüm yerə balaca kağız bayraq düşüb, tez götürdüm, cibimdən salfet çıxardb təmizlədim. Bununla mən onlara örnək oldum. Bayrağı sev deməklə deyil, bayrağı, xalqı, vətəni sevməyi öz timsalımızda göstərməliyik. Övladlarını böyütmək xüsusi çətin olmayacaq. Çünki onlar Poladın davamçılarıdır. Polad həmişə deyirdi ki, mən heç sənə bir boyunbağı da ala bilmədim. Mənim üçün əsas o idi ki, Polad məni daha mərd, cəsur, özgüvənli, insan kimi yetişdirdi.

- Və nə yaxşı ki, ilk görüşdə yenidən geri döndü.

- Nə yaxşı ki...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polad Həşimovun xanımı:
Rusiyanın idarə edildiyi Kremli tikən azərbaycanlı kimdir? -Başı bədənindən ayrılan memarın həyatı
Özünə  120  milyon  dollarlıq   bina  tikən

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur”