2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq müxtəlif növ artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmuşlar.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törətmişlər.
Belə ki, iyulun 14-də saat 15 radələrində Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnmiş və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulmuşdur.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilməklə maddi sübutlar toplanılmış, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR