“Fiziki bədən, ruhun evidir və bir qabıqdır. Enerji ölümsüzdür. Həyat bu enerjinin inkişafı və təkamülü üçün var. Həyatda ruhi varlığımızın inkişafı əsas götürülüb. Keçirəcəyi təkamülə görə enerjinin əsasları müəyyən olunur, valideynlər bu inkişafın bir hissəsi olaraq seçilir. Bir həyat ruhun inkişafı üçün kifayət etmir. Bu həyatda əldə etdiklərimiz və aldığımız dərslər ruhun gələcək həyatındakı inkişafı üçün xərclənəcək. Ruhun öyrənmək məcburiyyətində olduğu bütün dərslər və tapşırıqlar başa çatanda, yəni təkamül tamamlananda bu təkrarlanma da sona çatır və ruh sonsuzluqda yerini tapır. Hər ruhun məqsədi o böyük təkliyə, bütövlüyə çatmaqdır”.
Teleqraf.com reinkarnasiya inancları haqda məlumatları təqdim edir.
Reinkarnasiya ölənlərin ruhlarının təkamülü başa çatdıranadək dəfələrlə dünyaya gəlib-getməsindən bəhs edir. Bədənləri qabıq kimi qəbul edən ruhlar dünyaya hər gələndə fərqli bədənlərə bürünürlər. Bəzi inanclar və fəlsəfələrə görə, bir canlının təkamülünün ən yüksək səviyyəyə çatması üçün kainatda saysız təkamül mərhələlərindən keçməsi lazımdır.
Enkarnasiyanın (bədənlənmə) təkrarlanması anlamına gələn reinkarnasiya, dəfələrlə dünyada doğulma üçün istifadə edilən bir termindir. Enkarnasiya olmağın başqa bir mənası da, ətə bürünməkdir. Yəni ruhun bədənə köçü. Reinkarnasiyaya inananlara görə, ruh ölümsüzdür. Reinkarnasiya deyiləndə ruhun insandan insana ötürülməsi, transmiqrasiya (tənasüh) deyiləndə isə ruhun həm insana, həm də heyvan, bitki və cansızlara keçməsi nəzərdə tutulur.
Qədim sivilizasiyalarda
Qərb tarixində reinkarnasiyanı ilk dəfə Pifaqor və Platon kimi qədim yunan filosofları dilə gətirib. Əslində ruhun köçü anlayışı ən qədim dövrlərdən – antik Misir, Maya və İnk sivilizasiyalarından bəri qəbul edilmiş anlayışdır. Qədim Yunanıstandan sonra Qnostiklərdə qəbul olunmuş və antik Roma mədəniyyətində mənimsənilmiş bu qavrayışa Kabala təlimlərində də rast gəlinir. Bura buddistlər və hindlilər də daxildir. Buna Asiya Şamanizmində və bir çox hindu qəbilələrində də mövcuddur.
Təkrar dirilmə
Bir sözlə, ölən bir insanın ruhunun başqa bir bədəndə yenidən dirilməsi dünyanın ən qədim inanclarından biridir. Reinkarnasiya ruhun iki və daha çox doğulacağı, əvvəlki həyatını xatırlamayacağı inancını ehtiva edir. Reinkarnasiya, ruh köçü, tənasüh və ya təcəssüm deməkdir. Bu, eyni zamanda ölümdən sonra ruhun bir bədəndən digərinə keçməsini təlqin edir. Reinkarnasiya inancında mənəvi mükafat və ya cəza, pislik və ya yaxşılığın cavabı olaraq ruhun bir heyvan və ya insan cəsədinə girərək açlalması və ya yüksəlməsidir.
Bədənlər ruhların qəlibləri kimidir. Ruh qəlibdən qəlibə, bədəndən bədənə köç edir. Qərbdə ruhun ölümdən sonra yenə bir insan bədəninə keçməsinə reinkarnasiya, heyvan bədəninə keçməsinə isə transmiqrasiya deyilir. Bu inanc tarixin bütün dövrlərində mövcud olan dini inancların içində yer alıb. Ən köklü şəkildə isə Hinduizm və Buddizmdə özünə yer tapıb. Hindlilərin müqəddəs kitabları - “Veda”lar maddi aləmdə yaşayan hər canlının insan bədəninə çatanadək 8 milyon 400 min fərqli həyat formasından keçməsindən bəhs edir.
Ruhun missiyası
Reinkarnasiyaya görə, insanların sonrakı həyatları keçmişdə yaşadıqları ilə müəyyən olunur. Yəni ruh nəyi əksə, onu da biçəcək. Karma təliminə görə, hər kəsin indiki həyatındakı davranışlarının nəticələri sonrakı həyatında ortaya çıxır. Karma fəlsəfəsi keçmişdəki əməllərimizin gələcəkdə pis və ya yaxşı nəticələr doğuracağından bəhs edir. Bu təlimə görə, insanlar ruhən inkişaf etmək və ruhi təcrübələrini artırmaq üçün kainatın hər yerində təkrar-təkrar doğulurlar. Ruh bütün kainatlarda hökm sürən Tanrı qanunlarını insan bədənindən istifadə edərək araşdırır və öyrənməyə çalışır. Ruh fərqli bədənlərə girərək, hər dünyaya gələndə yeni şeylər öyrənir, bir az da məlumat və təcrübə qazanaraq təkamül prosesindən keçir.
Reinkarnasiyada geriyə qayıdış yoxdur, ancaq irəliyə doğru inkişaf var. Yəni insan hər dəfə təkamüllə bir qədər də inkişaf etmiş insan kimi doğulur. Ruh hər dəfə dünyada yeni bir rol oynayır və işi bitəndə bir müddətlik dincəlmək üçün sakitliyə çəkilir.
Keçmişin izləri
Hər insan yenidən dünyaya gələndə əvvəl yaşadıqlarının nəticələri ilə qarşılaşır. Amma bunlar öz davranışlarının planı çərçivəsində hazırlanmış nəticələrdir, bundan tamamilə insanın özü məsuliyyət daşıyır. Yəni insan öz seçimlərinin nəticələrini hazırlayır və yaşayır. Bu həyatımızda qarşılaşdığımız, səbəbsiz sevdiyimiz, ya da sevmədiyimiz insanlar, istifadə etdiyimiz, ya da etmədiyimiz istedadımız, səbsiz qorxularımız, məsuliyyətlərimiz keçmiş həyatımızdan bu günədək gəlmiş və hələ üzərimizdə öz təsirlərini göstərən nəticələrdir. Səbəblərini bilmədiyimiz fobiyalarımız, sevgilərimiz, qorxularımız, münasibətlərdə üzləşdiyimiz problemlər keçmiş həyatımızdan daşıdığımız izlərdir.
Məsələn, qapalı məkan qorxusu olan birinin əvvəlki həyatlarından birində qaranlıq bir otaqda həbs edilməsi, yaxud sudan qorxan birinin əvvəlki həyatında dənizdə boğulması ehtimallar daxilindədir. Başqa sözlə, yaşadığımız hər olayda bundan əvvəl etdiyimiz seçimlərin nəticələrini görürük. Amma gələcək günlərin gedişatını dəyişdirmək məsələsində azadıq. Yəni əsas xətlər istisna olmaqla, hər şey əvvəlcədən hazırlanmış qəlib içində formalaşmır. Karma yalnız keçmişdə yaşadıqlarımız üçün yox, bu həyatımız üçün də iş başındadır.
Karma və biz
Karma bizim bir parçamızdır, ondan qaçış yoxdur, amma onu dəyişdirmək bizim əlimizdədir. Keçmiş həyatımızı xatırlamamağımızın səbəbi, yeni bir bədənlə yeni bir həyata başlayan ruhun bu həyatda uğurlu olması üçündür. Unudan bədənə aid yaddaşımızdır, ruhumuza aid olan yaddaş isə həmişə xatırlayır. Keçmiş həyatımızda yaşadıqlarımızı xatırlamaq, indiki həyatımızın səbəbini bilmək deməkdir. Bu dünyadakı həyatımızın qayəsi savab və günahlarımızla bərabər, səy göstərmək və təcrübə qazanmaqdır. Bu səbəbdən keçmiş həyatımızı xatırlamamağımız bu həyatımızda daha çox şey öyrənməyimizi, daha çox təcrübə qazanmağımızı təmin edir.
Tanrı kimi doğulmaq
Ruhun köçündə sonsuz ruhun son nəticəsi olan sınaqlarından bəhs edilir. Bir həyat gələcək həyatı sürətləndirir. Bu həyat isə keçmiş həyatın nəticəsidir. Bitkilər, heyvanlar və insanlar bu qanunauyğunluq içində bir-birlərinə bağlı olaraq təkrar-təkrar həyata gəlirlər.
Karmaya görə, ölüm, yoxluq deyil, bir haldan digərinə keçiddir. Ruhun bir bədəndən digərinə keçid inancının adı olan reinkarnasiya Karma doktrinasina bağlı olaraq meydana çıxıb. Reinkarnasiya inancına görə, ruhun ölümdən sonrakı davamiyyəti ruhun öz dərəcəsi içində ali və ya aşağı bir formada meydana gəlir. Buna görə, insan əməllərinə uyğun olaraq insan, heyvan və ya Tanrı olaraq yenidən doğulur. Yəni ruhi varlığımız ölümsüzdür, ölümdən sonra həyat olduğu kimi doğuluşdan əvvəl də vardır. Bədən sadəcə fiziki dünyada mövcud olmağımız üçün bir vasitədir. Əgər bu dünyada yetəri qədər dərs ala bilməmişiksə, fiziki ölümdən sonra ruhi varlığımız bir müddət sonra alması lazım olan dərs və ya təcrübələr üçün yenidən bir bədəndə doğulma ehtiyacı hiss edir.
Reinkarnasiyada sadəcə insan bədəni müzakirə mövzusudur, heyvan kimi doğulmaq yox.
İsanın dedikləri
Quranda bundan belə bəhs olunur: “Sizi torpaqdan yaratdıq, ora qaytaracağıq, sizi təkrar oradan çıxaracağıq”.
Tövratda isə bu belədir: “Rəbb öldürür və dirildir; ölülər diyarına endirir və çıxarır”.
İsa Məsih bu haqda deyir: “Təkrar doğulmadıqca, göylərin krallığına girə bilməzsiniz”.
Oxu24.com
ŞƏRHLƏR