Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 7 nəfər saxlanılıb.
Restoranın sahibi N. Orucov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər.
Oxu24.com
ŞƏRHLƏR